Baş Prokurorluğun əməkdaşları beynəlxalq forumda iştirak ediblər
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları Romada keçirilən “Aktivlərin hədəflənməsi və bərpası sistemlərinin öyrənilməsi və inkişafı” üzrə 1-ci Forumda iştirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) və İtaliyanın Maliyyə Qvardiyası ilə birgə təşkil olunmuş tədbirə Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi Vüqar Əliyev və həmin idarənin prokuroru Ziya Hacıyev qatılıblar.
Maliyyə kəşfiyyatı və aktivlərin bərpası sahəsində nüfuzlu ekspertlərin, eləcə də maliyyə cinayətlərinin istintaqına məsul yüzdən çox şəxsin iştirak etdiyi tədbirdə cinayət aktivlərinin izlənməsi, aşkarlanması, qaytarılması və idarə olunması sahəsində ən yaxşı və qabaqcıl təcrübə paylaşılıb, bu sahədə aktual məsələlər müzakirə olunub. Həmçinin vergidən yayınma və aktivlərin qaytarılması arasında əlaqə, genişləndirilmiş müsadirənin tətbiqi mövzularında fikir mübadiləsi aparılıb.
Bundan başqa, müxtəlif ölkələrdə çirkli pulların yuyulmasının profilaktikası və maliyyə cinayətlərinə operativ reaksiya sistemləri, cinayət yolu ilə əldə olunan gəlirlərin müəyyənləşdirilməsi və araşdırılması üçün vasitələr mövzularında təqdimatlar nümayiş etdirilib.