Baş Prokurorluq: Hospitalda intihar edən qazi ilə bağlı cinayət işi başlanıb
Bakı, 7 yanvar, AZƏRTAC
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı sentyabrın 29-da Goranboy rayonunun Gülüstan kəndi istiqamətində olarkən düşmənin atdığı mərmi partlayışı nəticəsində xəsarət alaraq Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Psixiatriya bölməsində “partlayış travması, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicə alan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər 1985-ci il təvəllüdlü Musayev Vüsal Eldar oğlunun yanvarın 6-da müalicə olunduğu xəstəxanada özünü asaraq intihar etməsi barədə Bakı Hərbi Prokurorluğuna məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq qablaşdırılaraq götürülüb və təxirəsalınmaz hərəkətlər icra edilib.
Fakt üzrə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda iş üzrə hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.