Batabat Astrofizika Rəsədxanasında payız günbərabərliyinə həsr edilmiş seminar olub
Naxçıvan, 21 sentyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasında payız günbərabərliyinə həsr olunmuş seminar keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən rəsədxananın direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev payız fəslinin başladığı günün - sentyabrın 22-nin həm də günbərabərliyi zamanı olduğunu diqqətə çatdırıb. Beləliklə, həmin gündən başlayaraq Günəş yarım il ərzində cənubda yerdəyişmə edəcək və 21 martda yenidən şimal yarımkürəsində olacaq.
Sonra rəsədxananın elmi işçisi Ülvi Vəliyevin “Günbərabərliyi və yer üzərində fəsillərin əmələ gəlməsi”, kiçik elmi işçilər Vəfa Qafarovanın “2020-ci ildə gün bərabərliyi” və Türkanə Əliyevanın “Payız günbərabərliyində yerin səmada günəşə nisbətən vəziyyəti” mövzusunda məruzələri dinlənilib. Çıxışlarda günbərabərliklərinin baş verməsinin astronomik, fiziki və riyazi əsaslarının izahı, həm də fəsillərin əmələ gəlməsi ilə günbərabərlikləri arasındakı əlaqənin mahiyyəti barədə geniş məlumat verilib.
Daha sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.