“Batareyaları təhvil ver, təbiəti qoru”
Bakı, 30 aprel, Göyçək Mahmudlu, AZƏRTAC
İstifadəyə yararsız elektrik batareyalarının toplanması məntəqələrinin genişləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Qırmızı Ürəklər” Fondu və “BRAVO” marketlər şəbəkəsi “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə start verib.
Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, işlənmiş batareyalar üçün qutular ilkin olaraq təyin olunmuş “BRAVO” hipermarket, superstor və supermarket filiallarında yerləşdirilib. Gələcəkdə isə bu cür qutuların digər şəhər və rayonlarda da yerləşdirilməsi planlaşdırılır.
S.Məmmədovanın sözlərinə görə, "Dəniz Mall" Ticarət Mərkəzində keçirilən tədbirdə "EkoSfera" Sosial-Ekoloji Mərkəzin və Yaşıl Şəbəkəyə üzv məktəblilər aktiv iştirak edərək topladıqları batareyaları təhvil verib, eyni zamanda, batareyaların zərərləri barədə müxtəlif çağırışlar hazırlayıblar. Aksiya zamanı 30 kiloqramdan çox batareya yığılıb.
O qeyd edib ki, işlənmiş batareyaları digər tullantılardan ayırmaq onların ətraf mühitə və insan sağlamlığına mənfi təsirlərini minimuma endirmək deməkdir. Buna görə işlənmiş batareyaların toplanması məntəqələrinin artırılması olduqca aktualdır: “Həmin layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, ekoloji tarazlığın bərpası, təkrar emalın təşviqi, tullantıların azaldılması, işlənmiş batareya tullantılarının zərərli təsirlərinin qarşısının alınması və səmərəli idarə olunması cəhətdən olduqca vacibdir və maarifləndirici məqsəd daşıyır. İşlənmiş batareyalar ayrılmış qutulara toplanaraq "Təhlükəli Tullantılar" Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil veriləcək”.
S.Məmmədova vətəndaşları təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, tullantıların çeşidlənməsi qaydalarına riayət etməyə və batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekokönüllüsü Günel Axundova bildirib ki, istifadə olunmuş batareyalar ətraf mühitə xeyli ziyan vurur. Bunun qarşısını almaq üçün bu gün "Dəniz Mall" Ticarət Mərkəzində müəyyən qablar yerləşdirildi ki, insanlar istifadə etdikləri batareyaları gətirib həmin qutulara atsınlar. Bu üsulla ətraf mühitin batareyalarla çirklənməsinin qarşısı az da olsa alınmış olur. Vətəndaşlara tövsiyə edirik ki, batareyaları yerləşdirilən xüsusi qutulara atsınlar".
291 nömrəli Ekologiya Liseyinin yeddinci sinif şagirdi Ayaz Salahov orta məktəb dərsliklərində təbiətin çirkənməsi və onun fəsadları haqqında öyrəndiklərini, ətraf mühiti qorumağın yaşından və peşəsindən asılı olmayaraq hər kəsin vəzifəsi olduğunu deyib. O, həmyaşıdlarını da belə ekoloji aksiyalarda aktiv iştiraka, təbiəti çirkləndirməməyə səsləyib.