RƏSMİ XRONİKA
BATUMİDƏ GÜRCÜ AİLƏSİNİN MƏNZİLİNDƏ AZƏRBAYCAN QAZI YANDIRILMIŞDIR
![BATUMİDƏ GÜRCÜ AİLƏSİNİN MƏNZİLİNDƏ AZƏRBAYCAN QAZI YANDIRILMIŞDIR](/files/2008/2/1200x630/14864499733507333833_1200x630.jpg)
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə gürcü ailəsinin mənzilində Azərbaycan qazı yandırılmışdır.
Binanın sakinləri Azərbaycan və Gürcüstan prezidentlərini alqışlarla qarşıladılar.
Dövlət başçıları Batumi şəhərinin Qaydar Abaşidze küçəsindəki 2 nömrəli evin 21-ci mənzilində Azərbaycan qazı ilə təchiz olunmuş qaz plitəsini yandırdılar.
Sonra prezidentlər mənzilin sakinləri ilə çay süfrəsi arxasında söhbət etdilər.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili bu mənzilə ilk dəfə qaz verildiyini bildirdi, bunun Batumi sakinləri üçün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini söylədi.
Xoşməramlı tədbirdən məmnunluğunu ifadə edən Prezident İlham Əliyev Batumiyə Azərbaycan qazının verilməsini tarixi hadisə kimi qiymətləndirdi, bunun yerli əhalinin məişət şəraitinin yaxşılaşdırılmasına əsaslı töhfə olduğunu vurğuladı. Dövlətimizin başçısı Batumiyə qaz verilməsini Azərbaycan-Gürcüstan dostluğu və əməkdaşlığının bariz nümunələrindən biri kimi dəyərləndirdi, belə böyük həcmli layihənin qısa müddətdə həyata keçirildiyini dedi. Prezident İlham Əliyev Gürcüstanın qazlaşdırılmasında yaxından iştirak edən Azərbaycandan qonşu ölkəyə ixrac edilən qazın həcminin artdığını bildirdi.
Prezident Mixeil Saakaşvili Batumi şəhərinin XIX əsrin sonu və XX əsrin əvvəllərində məhz Bakının sürətli inkişafı ilə əlaqədar böyüdüyünü və inkişaf etdiyini xatırlatdı. O, Azərbaycandakı sürətli inkişafın yenidən Batuminin də inkişafına təkan verdiyini vurğuladı.
Prezident İlham Əliyev Azərbaycan ilə Gürcüstan arasında yüksək səviyyəli əlaqələrin və mehriban qonşuluq münasibətlərinin bundan sonra da genişlənəcəyini və daha da möhkəmlənəcəyini bildirdi.
Mənzilin sakinləri də Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafından razılıqlarını ifadə etdilər, onlara yaxından dəstəyə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirdilər.
Prezident İlham Əliyev Azərbaycandan Gürcüstana təbii qazın verilməsi ilə yanaşı, bu ölkədə də qazlaşdırmanı Azərbaycan Dövlət Neft Şirkəti kimi nüfuzlu bir qurumun yerinə yetirməsindən razılığını vurğuladı.
Mənzilin sahibi Tamuna Sioridze dost ölkələrimizin dövlət başçılarını öz evində qəbul etməkdən şad olduğunu dedi, Azərbaycan və Gürcüstan prezidentlərinə dərin minnətdarlığını bildirdi.
Sonra dövlət başçıları bu əlamətdar hadisə münasibətilə təbriklərini və ən xoş arzularını yetirdilər.
######