Batumidə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
Tbilisi, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 30-dan oktyabrın 8-dək Gürcüstanda 10-cu Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın ilk dəfə təmsil olunacağı festivalda Braziliya, Fransa, İtaliya və digər ölkələrin Gürcüstanda akkreditə olunmuş səfirliklərinin dəstəyi ilə musiqi və incəsənət günlərinin təşkili nəzərdə tutulub.
Festival çərçivəsində Batumi Musiqi Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi açılacaq və “Azərbaycanın Milli Muğamı Gecəsi” adlı konsert təqdim ediləcək.
Oktyabrın 2-də aşılacaq sərgidə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan-Gürcüstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində rolu, o cümlədən Ümummilli Liderin xarici səfərlərini əks etdirən ekspozisiya nümayiş olunacaq.
“Azərbaycanın Milli Muğamı Gecəsi” adlı konsert proqramında Xalq artisti Salman Qəmbərov və onun rəhbərlik etdiyi “Bakustik Jazz” qrupunun, Əməkdar artist Təyyar Bayramov və onun muğam qrupunun, Əməkdar artistlər Nərgiz Əliyeva, Sahib Paşazadə və Ceyla Seyidovanın çıxışları dinləniləcək.
Oktyabrın 7-də "Gələcəyin ulduzları" gənc pianoçuların qala konsertində isə beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Cəmil Sədizadə və beynəlxalq müsabiqələr laureatı Zümrüd Əlizadə iştirak edəcəklər.
Qeyd edək ki, Batumi Qara Dəniz Musiqi və İncəsənət Festivalının təsisçisi və təşkilatçısı Gürcüstan Parlamentinin Mədəniyyət Komitəsinin sədri, UNESCO-nun “Sülh uğrunda artisti” Elisso Bolkvadzedir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi