Bayrağımız qürur mənbəyimizdir
Bakı, 7 noyabr, AZƏRTAC
Noyabrın 7-də İstiqlal Muzeyində “Qürur mənbəyimiz” adlı musiqili bədii tədbir təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Bayrağının qəbul edilməsinin 100-cü ildönümü münasibətilə keçirilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət Bayrağı elan edib.
Diqqətə çatdırılıb ki, ölkə başçısının 17 noyabr 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı musiqili bədii proqram maraqla qarşılanıb.