“Bayraq mənliyim, qürur mənbəyimdir!” mövzusunda rəsm müsabiqəsi keçirilib
Ordubad, 31 may, AZƏRTAC
Ordubad Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Ordubad Rayon Təşkilatı Gənclər Birliyi və Uşaq-Gənclər Yaradıcılıq məktəbinin birgə təşkilatçılığı ilə “Bayraq mənliyim, qürur mənbəyimdir!” mövzusunda rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Ordubad şəhərində Bayraq Meydanında təşkil olunan müsabiqədə rayonun ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər. Çıxış edənlər müsabiqənin şərtləri haqqında ətraflı məlumat verib, iştirakçılara uğurlar arzulayıblar. İştirakçılar onlara ayrılan 2 saat ərzində təsviri incəsənət janrında - kağız üzərində sərbəst texnika ilə Dövlət Bayrağını təsvir etməyə çalışıblar.
Münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Kübra Qasımova müsabiqənin qalibi olub. Emil Abdullayev və Cansu Kərimli tərəfindən hazırlanan rəsmlər ikinci yerə layiq görülüb. Fatimə İbrahimli ilə Sevinc Əkbərzadə üçüncü olublar.
Şagirdlər təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıblar.