BBVB-NİN VALYUTA BÖLMƏSİNDƏ HƏRRACLARIN HƏCMİ AVQUST AYINDA 92,1 MİLYON DOLLARA ÇATMIŞDIR
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, valyuta bölməsi hərraclarının ümumi dövriyyəsində bağladıqları əqdlərə müvafiq olaraq, birja valyuta bazarının lider bankları sırasına Azərbaycan Beynəlxalq Bankı, “Texnikabank”, “Əmrahbank”, “Rabitəbank” və “Qoçbank-Azərbaycan” kommersiya bankları daxil olmuşlar.
2004-cü ilin avqustunda BBVB-nin ABŞ dolları üzrə hərraclarında cəmi 27 bank iştirak etmişdir. Ötən ay 22 hərrac sessiyası keçirilmiş, 231 əqd bağlanmışdır ki, onların da 216-sı EHBS elektron sistemində qeydə alınmışdır. İyul ayında keçirilmiş hərracların ümumi həcminin 91,389 milyon ABŞ dolları və ya 99 faizi elektron əqdlərinin payına düşür. Birjanın valyuta bölməsində ABŞ dolları üzrə hərracların ümumi həcmi avqustda 451 milyard 444 milyon manat, yaxud 92,080 milyon dollar olmuşdur. 2003-cü ilin avqust ayı ilə müqayisədə hesabat ayında hərracların həcmi 33 faiz artmışdır. AZM-in orta hesablanmış məzənnəsi ABŞ dollarına nisbətdə iyul ayında 4906,70 manat olduğu halda, avqustda 4902,73 manat təşkil etmişdir.
EHBS-də AVRO (EUR) üzrə əqdlərin həcmi avqustda 417 milyon manata bərabər olmuşdur.