BDU-da Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 12 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Bakı Dövlət Universiteti (BDU) əməkdaşları arasında keçirilən “Ulu Öndər - Müstəqil Azərbaycanın qurucusu” adlı məqalə müsabiqəsinin nəticələri açıqlanıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Müsabiqədə BDU-nun 24 alimi iştirak edib.
Müsabiqə komissiyasının qərarı ilə Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev, dekan müavini Məhəmməd Məhərrəmov “Heydər Əliyev - dövlətçilik məktəbi” məqaləsi ilə I, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Ağalar Abbasbəyli “Heydər Əliyev millətin atası və Ümummilli Lideridir, İlham Əliyev isə bizim bu günümüz və gələcəyimizdir” məqaləsi ilə II, Geologiya fakültəsinin Ümumi və tarixi geologiya kafedrasının müdiri Nazim İmamverdiyev “Azərbaycan elminin yüksəlişində Heydər Əliyev dühasının rolu - Heydər Əliyevin xaricdə təhsil strategiyası” məqaləsi ilə III yerə layiq görülüblər.
Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva və kafedranın professoru Elnarə Şəfiyevanın “Heydər Əliyev şəxsiyyətinin dahiliyi mənəvi irs kimi”, Filologiya fakültəsinin Türkoloji araşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Ramil Bayramovun “Türk xalqları arasında mənəvi və mədəni əlaqələrin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu”, Jurnalistika fakültəsinin Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müəllimi Əziz Əlibəylinin “Bir əsrin əsəri - 100 ilin şəxsiyyəti” məqalələri həvəsləndirici yerlərə layiq görülüb.
Qalib əməkdaşlara diplom, pul mükafatı və hədiyyələr verilib. Qalib elan edilmiş məqalələr ölkə mətbuatında, BDU-nun rəsmi saytında, sosial mediada və “Bakı Universiteti” qəzetində yer alacaq.