Bəhreyn qəzetində 28 May – Respublika Gününə həsr olunmuş məqalə dərc edilib
Qahirə, 26 may, AZƏRTAC
Bəhreyn Krallığının “The Daily Tribune - News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin 28 May - Respublika Gününə həsr olunmuş iki hissədən ibarət geniş məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın elan edildiyi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) siyasi plüralizmə və çoxpartiyalı sistemə əsaslanan bir dövlət olduğu vurğulanır. Quruluşunun ilk günündən insanların bərabərliyi və xalq hakimiyyətinə arxalanan bu respublikada irqi, dini, etnik və sinfi zəmində ayrı-seçkilik aradan qaldırılıb, bütün vətəndaşlar üçün bərabər hüquqlar təmin edilib. Eyni zamanda, Şərqdə, həmçinin bəzi demokratik Qərb ölkələrindən əvvəl qadınlara seçki hüququ verilib. 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında tanınan AXC dövlət quruculuğu, iqtisadiyyat, təhsil və digər sahələrdə də mühüm addımlar atıb, ABŞ, Avropa ölkələri və Rusiyada diplomatik nümayəndəliklər təsis edib.
Müəllif qeyd edir ki, 1920-ci il aprelin 28-də bolşeviklərin müdaxiləsi nəticəsində varlığına son qoyulsa da, AXC-nin milli dövlətçilik ideyası xalqın qəlbində yaşayıb. Müstəqillik ideyası 1991-ci ildə suveren Azərbaycan Respublikasının qurulması ilə nəticələnib və həmin il oktyabrın 18-də qəbul edilmiş Bəyannamə ilə mayın 28-i Respublika Günü elan edilib. Yenidən müstəqillik əldə edən Azərbaycanın torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğalı və həmin dövrdə ölkədə yaranmış ağır böhran və xaos şəraitində Azərbaycan xalqı öz gələcəyini görkəmli dövlət xadimi Heydər Əliyevə etibar etdi. Məhz Onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa müddətdə iqtisadi inkişaf yoluna qədəm qoydu, 1994-cü ildə atəşkəs elan olunduqdan sonra ordu quruculuğuna başlanıldı.
Məqalədə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən transmilli enerji və kommunikasiya layihələri, “Əsrin müqaviləsi”, Prezident İlham Əliyevin rəhbərliyi ilə mühüm TAP, TANAP qaz boru kəmərləri haqqında ətraflı məlumat verilir. Müəllif qeyd edir ki, Azərbaycanın üzvü olduğu İslam Əməkdaşlıq Təşkilatı və ərəb ölkələri ilə əməkdaşlıq ən yüksək səviyyədədir. Ölkəmiz 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçilib. 2012-2013-cü illərdə isə Azərbaycan 155 ölkənin səsi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub.
Müəllif vurğulayır ki, Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində 30 il Ermənistanın işğalı altında qalmış ərazilər azad olunub, ərazi bütövlüyünü bərpa edən Azərbaycan həmin torpaqlarda bərpa-quruculuq işlərinə başlayıb.
Yazıda diqqətə çatdırılır ki, 1996-cı il noyabrın 6-da Azərbaycanla Bəhreyn arasında diplomatik əlaqələr qurulduqdan sonra əməkdaşlıq yüksələn xətlə inkişaf edir. 2017-ci ildə Bakıda ilk dəfə altı ərəb ölkəsinin üzv olduğu Körfəz Əməkdaşlıq Şurası ilə Azərbaycan arasında biznes-forum keçirilib. Həmin tədbirdə qeyd olunub ki, Körfəz Əməkdaşlıq Şurası ölkələri Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar həcmində sərmayə qoyublar. Eyni zamanda, ölkəmiz də həmin dövlətlərdə 300 milyon dollar həcmində investisiya yatırıb. 2021-ci ildə də videokonfrans formatında İkinci Biznes Forum keçirilib. Azərbaycanla Bəhreyn BMT və İƏT çərçivəsində fəal əməkdaşlıq edir, Milli Məclisdə Bəhreyn parlamenti ilə dostluq qrupu fəaliyyət göstərir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə