Belarusla qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib
Bakı, 12 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini, Baytarlıq və qida nəzarəti departamentinin direktoru İvan Smilqinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması sahəsində görülən işlər, həmçinin bu istiqamətdə beynəlxalq təşkilatlar və xarici ölkələrlə əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlər barədə nümayəndə heyətinə məlumat verilib. Eyni zamanda bu il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanun və həmin qanundan irəli gələn tələblər barədə məlumatları diqqətə çatdırılıb.
Görüş zamanı həmçinin iki ölkə arasında qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Qida və yem məhsullarının idxal-ixrac əməliyyatları, bu sahə ilə bağlı qanunvericiliyin tələbləri, baytarlıq preparatlarının istehsalı və satışı, epizootiya əleyhinə tədbirlərin həyata keçirilməsinin planlaşdırılması və monitorinqi, yoxlamaların aparılması və qeydiyyatı, sərhəddə baytarlıq nəzarətinin təşkili, heyvanların qeydiyyatı sistemi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinin vacib olduğu önə çəkilib. Eləcə də Belarusdan ölkəmizə idxal edilən kartof məhsulları partiyalarında aşkarlanmış uyğunsuzluqların araşdırılması, aradan qaldırılması və gələcəkdə təkrarlanmaması üçün görüləcək tədbirlər müzakirə olunub və bu sahədə iki ölkənin bitki karantini sahəsində informasiya sistemlərinin inteqrasiyasının əhəmiyyəti vurğulanıb.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında imzalanmış sənədlərin icra vəziyyəti və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr nəzərdən keçirilib.