Belarusun milli bayramı şərəfinə
Bakı, 25 iyun (AZƏRTAC). İyunun 25-də Belarusun Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil etmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Belarusun dövlət himnləri səsləndirilmişdir.
Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç qonaqları salamlayaraq bildirmişdir ki, 1944-cü il iyulun 3-də Minskin faşist işğalçılarından azad edildiyi tarix Belarusun Müstəqillik Günü kimi qeyd olunur. Belarusun azad edilməsi uğrunda gedən döyüşlərdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun 32-ci tank briqadasının, həmçinin Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin iştirak etdiklərini diqqətə çatdıran səfir bu qəhrəmanların xatirəsinin Belarusda daim böyük hörmət və ehtiramla yad edildiyini vurğulamışdır.
Səfir prezidentlər İlham Əliyev və Aleksandr Lukaşenkonun iki ölkə arasındakı münasibətlərin inkişafında xidmətlərini xatırlatmışdır. Diplomat Azərbaycanın Belarus üçün strateji tərəfdaş olduğunu diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov
əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini və ən xoş arzularını çatdırmışdır.
Yaqub Eyyubov Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu söyləmişdir. Prezident İlham Əliyevin Belarusa, Prezident Aleksandr Lukaşenkonun isə Azərbaycana səfərinin iki ölkə arasındakı əlaqələrin inkişafına təkan verdiyini bildirən Baş nazirin birinci müavini münasibətlərimizin iqtisadi, mədəni, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulamışdır. Yaqub Eyyubov ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Baş nazirin birinci müavini Azərbaycanın sürətli iqtisadi inkişafı, bütün sahələrdə əldə etdiyi uğurlardan da danışmışdır.
Rəsmi qəbulda Minskin faşist işğalçılarından azad olunmasında iştirak etmiş veteranlar medallarla təltif olunmuşlar.
Qəbulda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri iştirak etmişlər.