BELÇİKA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR
- Arif müəllim, bir müddət Avropa İttifaqı yanında Azərbaycan nümayəndəliyinin başçısı kimi fəaliyyət göstərmisiniz, indi isə səfir vəzifəsini daşıyırsınız. Deməli, Belçikaya yaxşı bələdsiniz. Ölkələrimiz arasında mövcud əlaqələr barədə nə deyə bilərsiniz?
- Mən elə indi də Avropa İttifaqı yanında Azərbaycan nümayəndəliyinin başçısı kimi fəaliyyətimi davam etdirirəm. Açığını deyim ki, bu qurumla münasibətlər işimizin, demək olar ki, çox hissəsini təşkil edir.
Eyni zamanda, möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Belçika və Niderland krallıqlarında, habelə Lüksemburq hersoqluğunda səfir vəzifəsinə təyin olunmuşam. Ölkəmizin bu üç dövlətlə münasibətlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var və bu sahədə mühüm işlər görülməlidir.
Bildiyiniz kimi, Belçika 2006-cı ildə ATƏT-də sədrlik etməyə başlamışdır. Bu baxımdan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Belçikanın əhəmiyyəti xeyli artmışdır. Belçikanın xarici işlər naziri Bakıya səfər etmişdir. Bu səfər çərçivəsində həm ikitərəfli münasibətlər, həm də ATƏT-də sədrliyi dövründə Belçikanın Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində oynayacağı rol müzakirə olunmuşdur.
Belçika Azərbaycanda səfirlik açmağı planlaşdırır. Artıq Belçika Xarici İşlər Nazirliyi rəsmi olaraq bu barədə bəyanat vermişdir. İlin sonuna kimi olmasa da, 2007-ci ilin əvvəllərində bu məsələ tam həllini tapacaqdır.
Belзika ilə digər sahələrdə əlaqələrimizə gəldikdə, yaxın vaxtlarda Belçika–Azərbaycan Ticarət Palatasının yaradılmasına dair apardığımız işi misal gətirə bilərəm. Ölkənin siyasi xadimləri, habelə iqtisadiyyatın təcrübəli təmsilçiləri bu sahədə bizə hərtərəfli kömək göstərməyə hazır olduqlarını dəfələrlə bildirmişlər. Əlbəttə, başqa sahələrdə də münasibətlərin qurulmasına və inkişaf etdirilməsinə çalışırıq.
- Azərbaycan barədə belçikalılar hansı təsəvvürə malikdirlər? Ölkəmizi burada tanıtmaq üçün nə kimi işlər görülür?
- Həqiqəti desək, belçikalıların ölkəmiz barədə kifayət qədər məlumatları yoxdur. Çox vaxt Azərbaycanı digər ölkələrlə qarışdırır, hətta onun hansı qitədə yerləşdiyini belə bilmirlər. Bunu təbii qəbul etmək lazımdır. Axı, ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi çox qısadır. Buna baxmayaraq, bu sahədə müəyyən işlər aparılır. Yerli mətbuata müsahibələr verməklə, milli bayramlarımızla əlaqədar mədəni tədbirlər keçirməklə belçikalılarda Azərbaycanın tarixi, mədəniyyəti və incəsənəti barədə təsəvvür yaratmağa səy göstəririk.
Onu da deyim ki, belçikalılar təkcə Azərbaycan haqqında yox, Avropanın hüdudlarından kənardakı digər ölkələr barədə də çox az təsəvvürə malikdirlər. Bunu başqa Qərbi Avropa dövlətlərinə də şamil etmək olar. İstər belçikalılar, istərsə də digər avropalılar siyasətdən və coğrafiyadan bir qədər uzaqdırlar.
Buna baxmayaraq, ölkəmizdə baş verən hadisələr, Azərbaycanla bağlı həqiqətlər barədə yerli mətbuat orqanlarında məqalələr dərc edilir. Son zamanlar Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə, “Əsrin müqaviləsi”nə və digər məsələlərə həsr olunmuş məqalələrin qəzet səhifələrində tez-tez görünməsi belçikalıların Azərbaycan barədə məlumatlar əldə etməsində mühüm rol oynayır.
- Belçika ilə Azərbaycan arasında diplomatik münasibətlərin tarixi nə vaxtdan başlayır?
- Ölkələrimiz arasında diplomatik münasibətlərin tarixi ulu öndərimiz Heydər Əliyevin Fərmanına əsasən 1995-ci ildə Belçikada Azərbaycan səfirliyinin təşkil edilməsi ilə başlanmışdır. O vaxtdan iki ölkə arasında əlaqələr yaranmışdır.
1997-ci ildə Belçikanın neft şirkətləri Azərbaycanda həyata keçirilən layihələrə maraq göstərməyə başladılar. “Petrofina” şirkəti konsorsiumda kiçik pay almışdı. Bu şirkət Azərbaycana gəldikdən sonra Belçikanın ölkəmizə marağı xeyli artmışdı. Amma müəyyən vaxtdan sonra həmin şirkət Fransanın “Total” şirkəti ilə birləşdi.
Ümummilli liderimiz Heydər Əliyev 1996-cı ildə Belçikaya işgüzar səfər etmiş, dövlət və hökumət rəhbərləri ilə mühüm görüşlər keçirmişdir.
Belçikanın keçmiş Baş naziri də Azərbaycanda səfərdə olmuşdur. Bu səfərdə onu ölkənin iş adamları müşayiət etmişdilər.
Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü ilin mayında Belçikaya rəsmi səfər etmiş, həm Avropa İttifaqı, həm də Belçika dövləti ilə bir sıra mühüm sazişlər imzalamışdır.
- Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirmi?
- Belçika hökuməti rəsmi səviyyələrdə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan etmişdir. Belçikanın ATƏT-dəki sədrliyi dövründə də bu xətt əsas götürülərək davam etdirilir. Biz Belçika ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirik, bu yaxınlarda parlamentlərarası təşkilatda Belçikanın namizədliyini dəstəkləmişdik. Bundan əlavə, bəzi təşkilatlarda qarşılıqlı maraq çərçivəsində Azərbaycanla Belçika bir çox məsələlərdə bir-birilərinə yardımçı olmuşlar.
- Цlkələrimiz arasında əlaqələrin səviyyəsi sizi qane edirmi?
- Səfirliyimizin Belçikanın dövlət və hökumət nümayəndələri ilə əlaqələri mütəmadidir. Belçika parlamenti - Nümayəndələr palatası və Senat ilə yaxşı münasibətlər qura bilmişik. 2005-ci ildə Nümayəndələr palatasının sədri Bakıya səfər etmişdir. Bu, yaddaqalan bir səfər olmuş, yüksək səviyyədə görüşlər keçirilmişdir.
Martın sonunda Belçika Senatının sədri xanım Ann-Mari Lizienin ölkəmizə səfəri planlaşdırılmışdır. Bundan əlavə, Belçikanın ATƏT-dəki sədrliyi zamanı bu il ölkəmizə bir sıra səfərlər nəzərdə tutulmuşdur. Belçika Xarici İşlər Nazirliyinin Dağlıq Qarabağ problemi üzrə xüsusi nümayəndəsi Pyer Şevalyenin səfəri buna misal ola bilər. Hərbi sahədə intensiv əməkdaşlıq davam edir və bunun nəticəsi kimi iki ölkə arasında Anlaşma memorandumunun imzalanması nəzərdə tutulur.
Hazırda iki ölkə arasındakı əlaqələr bizi qane edir və zənnimcə, bu, hər iki tərəf üçün faydalıdır. Əlbəttə, biz iqtisadi əlaqələrin daha geniş olmasını istərdik. 2006-cı ildə bu sahədə ciddi dönüşlərin olacağı gözlənilir.
- Belçikada ölkəmizlə bağlı hansı yaddaqalan tədbirlər keçirilmişdir?
- İlk növbədə, xalqımızın qədim eposunun qəhrəmanı Dədə Qorqudun abidəsinin ucaldılmasını misal göstərə bilərəm. Bu, önəmli bir hadisə idi. Belçika paytaxtına Azərbaycanın milli geyimlərini, tar, kamança hədiyyə etmişik. Ümumiyyətlə, Belçikada ölkəmizlə bağlı çoxlu tədbirlər keçirilmişdir. Azərbaycanın tanınmış xanəndə və müğənniləri dəfələrlə belçikalılar qarşısında çıxış etmişlər. Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı keçirilmiş tədbirlər daha çox yaddaqalan olmuşdur. Gördüyünüz kimi, mən siyasi məsələlərdən daha çox mədəni əlaqələrə toxundum. Çünki mədəni əlaqələr ölkənin tanıdılmasında, təbliğ edilməsində müstəsna rol oynayır.
- Erməni lobbisinin daha güclü olduğu Fransaya nisbətən Belçikada Azərbaycan səfirliyinin fəaliyyəti o qədər də çətin olmaz…
- Mən belə deməzdim. Belçikanın erməni lobbisi öz gücünə görə Fransadakından heç də geri qalmır. Düzdür, ABŞ-dan sonra Fransa ermənilərin çoxluq təşkil etdikləri ikinci ölkədir. Amma 10 milyonluq əhalisi olan Belçikada da 5 mindən bir qədər artıq erməni yaşayır. Ermənilər harada yaşamalarından asılı olmayaraq, yekdil olmaqla çox güclüdürlər. Bunu etiraf etmək lazımdır. Fransada olduğu kimi, Belçikadakı ermənilər də XX əsrin əvvəllərində burada məskunlaşmışlar. Onlar yaşadıqları ölkəyə daha çox inteqrasiya olmuş vətəndaşlardır.
Belçikada bir qədər çoxluq təşkil edən türklərə gəldikdə, onlar keçən əsrin 60-70-ci illərindən Belçikada yaşamağa başlamışlar. Burada məskunlaşmış azərbaycanlıların sayı isə çox azdır.
Azərbaycanda iqtisadi vəziyyətin ildən-ilə yaxşılaşdığını, ölkənin sürətlə inkişaf etdiyini, daxildəki vəziyyətin sabitliyini görən həmvətənlərimiz doğma diyarını tərk etmək istəmirlər. Ermənistana gəldikdə isə, bu ölkədən insan axını sözün əsil mənasında, dəhşətli faciəyə çevrilmişdir. Son zamanlar Ukrayna, Moldova və keçmiş SSRİ-nin digər respublikalarından da güclü immiqrasiya müşahidə olunur. Belçikada və Fransada yaşayan ermənilər müəyyən məqamda bir araya gəlir və birlik nümayiş etdirirlər.
Belçikada azərbaycanlıları birləşdirən müxtəlif dərnəklər var, lakin təəssüflər ki, onların arasında birlik yoxdur.
- Səfirliyin onlarla əlaqələri barədə nə deyə bilərsiniz?
- Biz onlarla birgə iş qurmağa çalışırıq. Arzumuz hamısını bir araya gətirməkdən ibarətdir. Əsas istəyimiz isə bir forum və yaxud struktur yaratmaqdır ki, bütün azərbaycanlılar onun ətrafında birləşə bilsinlər və güclü bir qurum yaratsınlar.
Ölkəmizin Prezidenti İlham Əliyev bu sahəyə xüsusi diqqət yetirir. Azərbaycanın maliyyə imkanlarının artması diasporla daha çox tədbirlər keçirməyə imkan verəcəkdir. Mənə elə gəlir ki, bu ildən başlayaraq, diaspora tədbirlərin həyata keзirilməsində mьəyyən yardımlar göstərə biləcəyik.