Bələdiyyələr fiziki şəxslərdən evlərə görə əmlak vergisi tələb edə bilər?
Bakı, 12 iyun, AZƏRTAC
Bələdiyyələr fiziki şəxslərdən (vətəndaşlardan) binalara (evlərə), su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini tələb edə bilərlər və fiziki şəxslər həmin vergini bələdiyyəyə ödəməlidirlər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə sərbəst auditor Altay Cəfərov bildirib.
Qeyd edib ki, bələdiyyələr fiziki şəxslərdən (vətəndaşlardan) müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən edilməklə tələb edir. Fiziki şəxslər isə bələdiyyələr tərəfindən təqdim edilmiş tədiyyə bildirişlərinə əsasən vergini bələdiyyəyə ödəyirlər: “Bələdiyyələrin fiziki şəxslərlərdən (vətəndaşlardan) sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə müvafiq dərəcələrlə torpaq vergisini tələb etmək hüququ var. Bundan əlavə, Nazirlər Kabineti tərəfindən kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla, şərti ballar müəyyənləşdirilir”.