BƏRDƏDƏ DÖVLƏT BAYTARLIQ XİDMƏTİNİN ZONA MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Bərdə, 27 fevral (AZƏRTAC). Bərdədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin 2008-ci ilin yekunları və 2009-cu ildə görüləcək baytarlıq tədbirlərinə həsr olunmuş zona müşavirəsi keçirilmişdir. Müşavirədə 28 rayonun baytarlıq idarələrinin rəisləri, laboratoriya direktorları və başqaları iştirak etmişlər.
Müşavirədə 2008-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr barədə Dövlət Baytarlıq Xidmətinin rəisi İsmayıl Həsənov məruzə etmişdir. O bildirmişdir ki, təhlükəli xəstəliklərə qarşı proflaktik tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi nəticəsində ölkə ərazisi təhlükəli xəstəliklərdən azaddır. 2008-ci ilin yanvarında Qəbələ rayonunun Nic qəsəbəsində donuzlar arasında aşkar edilmiş Afrika taunu xəstəliyinin qarşısı alınmış, digər ərazilərə yayılmasına yol verilməmişdir.
Ölkə ərazisində quş qripi xəstəliyinə qarşı müntəzəm monitorinqlər aparıldığını deyən natiq bildirmişdir ki, bu monitorinqlər zamanı götürülmüş nümunələrin heç birində xəstəlik daşıyıcıları aşkar edilməmişdir.
Bruselyoz və vərəm xəstəlikləri əleyhinə mübarizəni gücləndirmək məqsədi ilə xəstəliyə həssas heyvanlar arasında müayinə işləri təşkil edilmiş, nəticədə qaramal arasında xəstəlik 0,15 faiz, davarların isə 0,08 faizə endirilmişdir. Xəstə heyvanlar təlimata uyğun olaraq zərərsizləşdirilərək təsərrüfatlardan çıxarılmışdır. 2008-ci ildə davarların bruselyozunun minimuma endirilməsi məqsədi ilə onların kütləvi peyvəndə cəlb edilməsi üçün 4 milyon 300 min doza “Rev-1” vaksini alınıb tətbiq edilmişdir. Qaramal arasında vərəmə yoluxma faizi sıfıra endirilmişdir.
Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına uyğun olaraq 30-a yaxın rayonun baytarlıq idarələrinin zona baytarlıq laboratoriyaları, 31 sahə baytarlıq məntəqəsi üçün inzibati binalar tikilib istifadəyə verilmişdir.
Müşavirədə çıxış edən ayrı-ayrı rayonların baytarlıq idarələrinin rəisləri görülmüş epizootik tədbirlər və bu sahədə mövcud vəziyyət barədə məlumat vermişlər.
Müşavirədə nöqsanlar da sadalanmış, onların həlli üçün vəzifələr müəyyən edilmişdir.