Bərdədə əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür
Bərdə, 8 yanvar, AZƏRTAC
Əkinlərin suvarma suyuna olan təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən əsas amillərdəndir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür. Suvarma suyu ilə təminatın yaxşılaşdırılması üçün kanallar beton üzlüyə alınır, yeni subartezian quyuları qazılır, mövcud quyular, nasos stansiyaları, kanallar və hidrotexniki qurğular təmir edilir.
Bərdə suvarma sistemləri idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, rayonun əkin sahələri 1371,2 kilometr suvarma kanalı, 15 nasos stansiyası, yerli qaynama suları, Yuxarı Qarabağ kanalının öz axımı, Tərtərçay və subartezian quyuları vasitəsilə suvarılır. Əkin sahələrinin suvarılmasını yaxşılaşdırmaq məqsədilə 2020-ci ildə 218 ədəd hidrotexniki qurğu, 48 ədəd hidropost, 10 kilometr beton kanal, 8 nasos stansiyası cari təmir edilib. 13 X-1 kanalının 1,2 kilometr hissəsinə beton üzlük çəkilib, 13-cü paylayıcı beton kanalın 1 kilometr hissəsi əsaslı təmir olunub. Yuxarı Qarabağ kanalının sağ sahilində bir ədəd elektriklə işləyən nasos stansiyası inşa edilib, Şəhriyar və Məhəmməd Əsədov nasos stansiyaları əsaslı təmir olunub. Suvarma kanallarında 1150 min kubmetr lildəntəmizləmə, Tərtər çayının məcrasında 85 min kubmetr tənzimləmə işləri aparılıb. Görülmüş işlər nəticəsində 54 min 850 hektar əkin sahəsi 4,5 dəfə suvarılıb.
Rayonda 2021-ci ilin məhsulu üçün əkilmiş 11 min 130 hektar taxıl, 2721 hektar təzə yoncanın suvarılması da başa çatdırılıb.