Bərdədə nöqsanlar aşkarlanan pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 16 may, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Bərdə rayonunun Qaraağacı kəndində fiziki şəxs Bayramov Şahmar Musa oğluna məxsus pendir sexində yoxlama aparılıb.
Yoxlama zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb. Müəssisədə temperatur rejiminin gözlənilmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, divar səthlərinin asan yuyulabilən materialla üzlənmədiyi, pəncərələrə qoruyucu tor vurulmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyim qaydasına əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, etiket məlumatlarında məhsulun tərkibi, saxlanma müddəti haqqında məlumatların qeyd edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.