Berlində 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcəkdir
Berlin, 15 yanvar (AZƏRTAC). Yanvarın 19-da Berlində 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcəkdir.
Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək “Bakı - 1990-cı ilin qanlı Yanvarı və Azərbaycanda sovetlərin dağılması prosesi. Dr. Azər Babayevin məqaləsinin təqdimatı” adlı tədbirdə Almaniyanın məşhur elm nəşriyyatlarından olan Nomos tərəfindən bu yaxınlarda buraxılmış “Sovet İttifaqının dağılması: səbəbləri, yan təsirləri, arxa planları” kitabının təqdimatı nəzərdə tutulmuşdur. Xatırladaq ki, kitab Almaniyadan, Avstriyadan və digər Avropa ölkələrindən postsovet regionu üzrə tanınmış mütəxəssislər tərəfindən yazılmışdır. Bu elmi tədqiqat əsəri son illərdə Sovet İttifaqının dağılma səbəblərinin, habelə bu prosesin necə baş verməsinin sistemli təhlilinə həsr olunmuş ilk beynəlxalq kollektiv araşdırmadır.
Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı, siyasi elmlər doktoru Azər Babayevin bu kitabda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və sovetlərin dağılma prosesi” mövzusunda geniş araşdırması da verilmişdir. Tədbir zamanı A.Babayev Azərbaycanda həmin dövrdə cərəyan edən mürəkkəb xarakterli hadisə və prosesləri, xüsusən də Dağlıq Qarabağ münaqişəsinin hansı səbəblərdən və necə alovlanmasını və münaqişənin sonrakı gedişatda qanlı müharibəyə çevrilməsinin əsas səbəblərindən biri kimi, M.Qorbaçov başda olmaqla, həmin dövrdəki sovet rəhbərliyinin yeni baş qaldırmış erməni millətçiliyinə qarşı qeyri-adekvat reaksiyasını təhlil edəcəkdir. A.Babayev çıxışında, həmçinin Moskvanın, həm də Azərbaycanda artıq siyasi təməllərinin sarsıldığı sovet hakimiyyətini ayaqda saxlamaq üçün hətta hərbi vasitələrə əl atmasını və sivil nümayişçilərə qarşı amansız 20 Yanvar qətliamını törətməsini ətraflı təsvir və təhlil edəcəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin