Berlində keçirilən standartlaşdırma üzrə beynəlxalq iclasda ölkəmiz də təmsil olunub
Bakı, 15 may, AZƏRTAC
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) üzv olduğumuz “Zinyət əşyaları və qiymətli metallar” standartlaşdırma üzrə Texniki Komitənin və onun altkomitələrinin (ISO/TC 174 WG1 və ISO/TC 174 WG2) Berlin şəhərində Almaniya Standartlar İnstitutunun (Deutsche Institut für Normung - DIN) təşkilatçılığı ilə hibrid formatda plenar iclas keçirilib.
İclasda Almaniya Standartlar İnstitutunun nümayəndələri ilə yanaşı, Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND), İtaliya Standartlaşdırma Qurumunun (UNİ), İsveçrə Standartlaşdırma Assosiasiyasının (SNV), Çex Respublikası Standart, Metrologiya və Sınaq İdarəsinin (UNMZ) və digər ölkələrin nümayəndələri iştirak ediblər.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Standartlaşdırma İnstitutunun nümayəndəsi ISO tərəfindən təşkil olunan sponsorluq proqramı (ISO Sponsorship programme) çərçivəsində “Zinyət əşyaları və qiymətli metallar” standartlaşdırma üzrə Texniki Komitənin (ISO/TC 174) iclasında iştirak edib.
İclasda ISO/TC 174 Strateji Biznes planı, alt qrupların hesabatları və təklifləri, yeni layihələr və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, Almaniya Standartlar İnstitutunun katiblik etdiyi “Zinyət əşyaları və qiymətli metallar” standartlaşdırma üzrə Texniki Komitəsi (ISO/TC 174) 1978-ci ildə yaranıb. Komitənin əsas məqsədi zərgərlik (məsələn, nömrələmə sistemi, üzük ölçüləri, qiymətli metalların rəngləri və örtükləri, brilyantlar) və qiymətli metallar sahəsində (məsələn, analizlər, nümunələr və s.) standartlaşdırma fəaliyyətini həyata keçirməkdir.
2021-ci ildə “AzerGold” QSC-nin bazasında AZSTAND/TK 36 “Qiymətli metallar və qiymətli daşlar” standartlaşdırması üzrə texniki komitə yaradılıb. Bu texniki komitədə “AzerGold” QSC və Azərbaycan Zərgərlik Assosiasiyasından əlavə müxtəlif zinyət əşyaları brendlərinin mütəxəssisləri də iştirak edir. AZSTAND/TK 36-da ISO/TC 174 tərəfindən qəbul edilmiş bir sıra beynəlxalq standart autentik tərcümə edilərək milli standart kimi qəbul olunub.