BERLİNDƏ “MƏHƏMMƏD ƏSƏD BƏY – BİR DAHİNİN RENESSANSI” ADLI ƏDƏBİ-BƏDİİ GECƏ KEÇİRİLMİŞDİR
Gecədə Berlin və Potsdam universitetlərinin tədqiqatçı alimləri, Berlin Senatının məsul işçiləri, işgüzar dairələrin nümayəndələri, Azərbaycanın Almaniyadakı səfirliyinin əməkdaşları, tanınmış elm, mədəniyyət xadimləri, aparıcı KİV-lərin təmsilçiləri, o cümlədən “Die Welt“ qəzetinin və “Berlin” məcmuəsinin yazarları, Almaniya ictimaiyyətinin və Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.
Mərasimin keçirildiyi salonda Əsəd bəyin institutun arxiv fondunda saxlanılan “Qafqaz”, “İkinci Nikolay”, “Lenin”, “Rusiya yol ayrıcında”, “Məhəmməd”, “Ulu Allah”, “Rza Şah”, “Əli və Nino” əsərlərinin dünyanın 27 ölkəsində müxtəlif zamanlarda nəşr olunmuş ilkin çap nüsxələri, müəllifin Qurban Səid təxəllüsü altında yazdığı “Erkək sevgidən heç nə anlamadı” adlı son romanının əlyazması, habelə Mədəniyyət İnstitutunun Əsəd bəy haqqında əldə etdiyi yeni arxiv sənədləri nümayiş etdirilirdi.
Gecəni giriş sözü ilə institutun direktor müavini, Potsdam Universitetinin professoru Vilfrid Furman açaraq mərasim iştirakçılarını səmimi salamladı və Əsəd bəyin dünya ədəbiyyatında önəmli yerindən danışdı.
Sonra institutun direktoru Nuridə Atəşi arxiv materialları əsasında Əsəd bəyin kimliyi və yaradıcılığı barədə məlumat verdi. Şairənin çıxışının yekununda cəsarətlə “Mən itirdiyimiz bu dahini Azərbaycana qaytaracağam” sözləri alqışlarla qarşılandı.
Alman rejissoru Ralf Marşallek Əsəd bəy haqqında çəkdiyi sənədli filmdən bəzi fraqmentləri nümayiş etdirdi və maraqlı film sona yetdikdən sonra Nuridə Atəşinin çağırışına dəstək olaraq, “Mən isə hamının itirdiyi bu dahini dünyaya qaytaracağam” dedi. O, filmin Əsəd bəyin vətənində yaradılacaq hissələrinin çəkilişinə Azərbaycan tərəfindən dəstəyə ehtiyac olduğunu söylədi.
Gecədə Berlin Azad Universitetində mühazirə oxumağa dəvət edilmiş həmyerlimiz, BDU-nun professoru Kazım Əzimovun “Azərbaycanda siyasi, iqtisadi, mədəni və sosial islahatlar” mövzusunda məruzəsi dinlənildi. O, ölkəmizin vaxtilə qarşılaşdığı problemlərdən danışdı, 1993-cü ilin ikinci yarısından sonra respublika rəhbərliyinin ardıcıl və məqsədyönlü siyasəti nəticəsində ictimai-siyasi sabitlik əldə olunduğunu və Azərbaycanın hazırda sürətli inkişaf yoluna çıxdığını vurğuladı. Məruzəçi Azərbaycanın Avropa İttifaqı ölkələri və dünyanın digər dövlətləri ilə əməkdaşlığından, Bakı-Tbilisi- Ceyhan layihəsinin gerçəkləşdirilməsindən, Ermənistan-Azərbaycan münaqişəsindən söhbət açdı, sənədlər nümayiş etdirdi.
Gecənin qonaqları Azərbaycana böyük maraq göstərdilər, onların çoxsaylı suallarına ətraflı cavablar verildi.