“Beş rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsinin üzvləri üçün onlayn təlimlər keçirilib
Bakı, 20 aprel, AZƏRTAC
“Beş rayonda gənclərin yerli məşvərət şuralarının yaradılması” layihəsinin Biləsuvar, Şəmkir, Tovuz, Qazax və Xəzər rayonlarından seçilmiş üzvləri üçün onlayn platforma vasitəsilə təlimlər keçirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) AZƏRTAC-a bildiriblər ki, layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir, Gənclər və İdman Nazirliyinin, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin texniki dəstəyi və ARGTMŞ-ın təşkilatçılığı ilə həyata keçirilir.
Məqsəd gənclərdən ibarət məşvərət şuralarının iştirakçılarının gələcək fəaliyyətləri haqqında fikirlərin dinlənilməsi, onların layihə müddətində icra etmək istədikləri işlərin nəzərdən keçirilməsidir.
Onlayn təlimlər İlkin Əliyevin təqdimatında “Effektiv nəticənin əldə olunmasında peşəkar sorğunun rolu” və Rüfət Mirfeyzullazadənin təqdimatında “Məşvərət şurası üzvlərinin texniki bacarıqlarının inkişafı” mövzularına həsr olunub.
Hər rayondan 20 nəfər üzv olmaqla, ümumilikdə 100 nəfərin iştirak etdiyi təlimlərdə texniki bacarıqların inkişafı, düzgün CV hazırlamaq qaydaları, düzgün e-mail yazmaq qaydaları, təqdimat hazırlanması və platformaları, peşəkar sorğuların aparılması qaydaları və platformaları və sair mövzulara toxunulub.
Qeyd edək ki, may-iyul aylarında şuranın üzvlərinin “Sorğu və pilot layihələr” mərhələsi çərçivəsində öz icmalarında sorğu həyata keçirməsi və pilot layihələrini icra etməsi planlaşdırılır.