BƏŞİR SƏFƏROĞLU ADINA MOSKVA MUSİQİLİ MİNİATÜR TEATRI AÇILIŞA HAZIRLAŞIR
İttifaqdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, teatrın açılış mərasimi Afaq Bəşirqızının iştirakı ilə Səməd Vurğun adına Dövlət Rus Dram Teatrında hazırlanmış “Qafqazlıların Rusiyada sərgüzəştləri” adlı iki hissəli tamaşa ilə olacaqdır. Yeddi estrada miniatüründən ibarət olan əsərin müəllifi əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur. Rus dilində ilk dəfə tamaşa oynayacaq Afaq Bəşirqızı bu miniatürlərdə vaqon bələdçisi, falçı, satıcı, kafe sahibəsi, biznesmen kimi müxtəlif səpkili obrazlar yaradacaqdır.
Tamaşanın quruluşçu rejissoru xalq artisti Aleksandr Şarovski, quruluşçu rəssamı əməkdar rəssam Tahir Tahirov, musiqi tərtibatçısı Vladimir Neverov, baletmeysterlər Fuad Osmanov və Eldar Bağırbəyovdur.
Afaq Bəşirqızının bu tamaşada tərəf müqabilləri Dövlət Rus Dram Teatrının aparıcı aktyorları - əməkdar artist Səfa Mirzəhəsənov, Natalya Aşumova, Ruqiyyə Quliyeva, Salman Bayramov və Emil Tahirovdur.
Tamaşanın premyerası dekabrın 6-da və 7-də Dövlət Rus Dram Teatrının səhnəsində oynanılacaq, dekabrın 18-də isə Moskva Satira Teatrında rusiyalı tamaşaçılara göstəriləcəkdir.
Sonda xalq artisti Afaq Bəşirqızı jurnalistləri maraqlandıran suallara cavab vermişdir.