Bəxtiyar Nəbiyev: Azərbaycan mətbuatı dövlətçiliyin və milli maraqların qorunmasında mühüm rol oynayır
Bakı, 22 iyul, AZƏRTAC
Azərbaycan mətbuatı dövlətçiliyin və milli maraqların qorunmasında mühüm rol oynayır. Xüsusilə 44 günlük Vətən müharibəsi və sonrakı dövrdə media nümayəndələri həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına mühüm töhfələr veriblər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri dosent Bəxtiyar Nəbiyev AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Milli mətbuat – dövlətçilik və milli dəyərlərin keşikçisi” mövzusunda keçirilən tədbirdə söyləyib. O qeyd edib ki, dövlətçilik, milli maraqlar və həmrəylik hər zaman üstün tutulmalıdır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin qorunmasında və inkişafında dönüş nöqtəsi olub, həyata keçirdiyi uzaqgörən siyasət ölkənin sabit inkişafının və müasir dövlət quruculuğunun əsasını qoyub. Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə senzuranı ləğv etməsi söz və mətbuat azadlığının inkişafında yeni mərhələnin əsasını qoyub.
Bəxtiyar Nəbiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə media sahəsinin inkişafı, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir informasiya mühitinin formalaşdırılması və söz azadlığının təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa olunub. Bu gün Azərbaycan xalqı qalib xalq kimi müstəqil, güclü və suveren dövlətində yaşayır. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri ölkənin qüdrətini nümayiş etdirir. Milli mətbuat Azərbaycanın qazandığı tarixi nailiyyətlərin, dövlət maraqlarının və milli dəyərlərinin ölkə daxilində və beynəlxalq ictimaiyyətə çatdırılmasında bundan sonra da mühüm rol oynayacaq.