Beynəlxalq aksiya çərçivəsində Buzovna çimərliyi tullantılardan təmizləndi
Bakı, 24 sentyabr (AZƏRTAC). Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü ilə əlaqədar Buzovna qəsəbəsinin 2 kilometr sahilyanı ərazisində təmizlik işləri aparılıb. AZƏRTAC xəbər verir ki, bu təşəbbüs “Coca-Cola” şirkəti tərəfindən artıq 19 ildir dəstəklənir və dünya miqyasında çimərlik, daxili sular və okeanların zibil və tullantıların təmizlənməsinə dair ən iri birgünlük könüllü aksiya hesab olunur. Builki aksiya Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti, “EkoSfera” qeyri-hökumət təşkilatı və “Friday.az” informasiya-əyləncə portalı tərəfindən dəstəklənir. Aksiyaya, həmçinin Milli Olimpiya Komitəsi, ADA Universiteti, “Təmiz Şəhər” ASC və “Youth Inc” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən dəstək göstərilib.
Paytaxt sakinlərinin marağına səbəb olan tədbirdə “Coca-Cola” şirkətinin əməkdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri də nəzərə alınmaqla 350-yə yaxın könüllü iştirak edib. Ötən illərdən fərqli olaraq insanlar aksiyaya ailələri ilə gəliblər. “Bu gün artıq beşinci dəfədir ki, “Coca-Cola” şirkəti Azərbaycanda “Coastal Cleanup” kampaniyasını təşkil edir. Şirkət öz dostları, onların ailələri ilə və könüllülərlə birgə aksiya çərçivəsində sahilyanı ərazini 2 tona yaxın tullantıdan təmizləyə bilib. Bu tədbir artıq bayrama çevrilib, çünki onun sayəsində yaşadığımız təbiət təmizlənir”, - deyə “Coca-Cola Bottlers Azerbaijan” şirkətinin baş meneceri Cem Becel bildirib.
Aksiya “Topla, təmizlə, fərqi gör!” şüarı altında keçirilib. Bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin, təmizlik üçün lazımi avadanlıqla təmin olunublar.
Qeyd edək ki, son 4 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 26 hektar ərazisi 6 ton məişət tullantısından təmizlənib. Dünya üzrə bu aksiyaya hesabat dövründə “Coca-Cola”nın 27 ölkədən 650 minə yaxın tərəfdaşı qoşulub ki, nəticədə ümumi uzunluğu 20 min km olan sahilyanı ərazilər tullantıdan təmizlənib.