Beynəlxalq Antikorrupsiya Akademiyasında növbəti məzun buraxılışı keçirilib
Vyana, 8 dekabr, AZƏRTAC
Avstriyanın Laksenburq şəhərində yerləşən Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) korrupsiya ilə mübarizə üzrə magistr proqramı çərçivəsində növbəti buraxılış mərasimi keçirilib. Akademiyanı bu il bitirən məzunlar arasında Azərbaycan vətəndaşları da olub.
AZƏRTAC xəbər verir ki, 9 dekabr - Beynəlxalq korrupsiyaya qarşı mübarizə günü ərəfəsində baş tutan mərasimdə Akademiyanın dekanı Martin Kroytner açılış nitqi ilə çıxış edib. Sonra buraxılış mərasimində dünyanın 15-dən çox ölkəsini təmsil edən 22 məzun, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları Günay İsmayilova, Toğrul Muxtarov və “ASAN xidmət”in əməkdaşı Sarvan Cəfərov magistr proqramını uğurla başa vurmaları ilə əlaqədar diplomlarla təltif olunublar.
Mərasimdə, həmçinin Vyanada yerləşən beynəlxalq təşkilatların, diplomatik missiyaların və ali təhsil müəssisələrinin yüksək səviyyəli nümayəndələri də iştirak edib.
Mərasimin sonunda məzunlar və akademik heyət birgə xatirə şəkli çəkdirib. Antikorrupsiya üzrə dünyada ilk ixtisaslaşmış ali təhsil ocağı sayılan IACA həm də beynəlxalq təşkilat statusu daşıyır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana