BEYNƏLXALQ EKOENERGETİKA AKADEMİYASININ MÜKAFATI TƏQDİM OLUNMUŞDUR
Azərbayçan Dövlət Neft Akademiyasının rektoru, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Siyavuş Qarayevə Beynəlxalq Ekoenergetika Akademiyasının “Qızıl medal”ı təqdim olunmuşdur.
Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev mərasimdə çıxış edərək bildirdi ki, Siyavuş Qarayev bu mükafata elmi, pedoqoji və təşkilati fəaliyyətinə görə layiq görülmüşdür. Son illər onun rəhbərliyi ilə ADNA-da elmi tədqiqat və tədris işlərində böyük uğurlar əldə edilmişdir, bu ali məktəbin nüfuzu günbəgün artmaqdadır.
“Azneftyağ” istehsal birliyinin baş direktoru Ramiz Mirzəyev, Başqırdıstan Elmlər Akademiyasının akademiki Ural İmaşov, Ekoenergetika Akademiyasının akademikləri Rəna Kazımzadə, Nigar Səlimova, Çingiz Xəlifəzadə və başqaları alimi bu mükafat münasibətilə təbrik etdilər.
Siyavuş Qarayev mükafata görə Ekoenergetika Akademiyasının rəhbərliyinə təşəkkürünü bildirərək dedi ki, ADNA-nın əldə etdiyi bütün nailiyyətlər Azərbaycan Prezidenti Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət və respublikada yaranmış əlverişli şərait sayəsində mümkün olmuşdur.
ADNA-nın prorektoru, professor Ramiz Hümbətov kollektiv adından Beynəlxalq Ekoenergetika Akademiyasının rəhbərliyinə təşəkkür edərək vurğuladı ki, akademiya bu nüfuzlu mükafatla respublikamızın ali təhsil müəssisələri arasında ADNA-nın xüsusi rolunu yüksək qiymətləndirmişdir.