BEYNƏLXALQ HƏRBİ İDMAN TƏŞKİLATI AZƏRBAYCANDA İDMANIN HƏRTƏRƏFLİ İNKİŞAFINI YÜKSƏK QİYMƏTLƏNDİRMİŞDİR
Beynəlxalq Olimpiya Komitəsindən sonra ən böyük idman qurumunun - SİZM-in üzvü olan 127 ölkədən 111-nin nümayəndəsinin qatıldığı bu mötəbər tədbirdə ölkəmizi Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəisi polkovnik Natiq Əliyev təmsil etmişdir. Toplantıda SİZM-in prezidenti general Ceonne Qola ötən beş il ərzində görülmüş işlər, keçirilmiş idman tədbirləri barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
40 dəqiqəlik çıxışının 11 dəqiqəsini Azərbaycana həsr edən C.Qola quruma rəhbərliyi dövründə ən gözəl anlarından birinin Azərbaycana səfəri ilə bağlı olduğunu bildirmişdir. C.Qola ötən il ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin onu qəbul etməsi, müdafiə naziri general-polkovnik Səfər Əbiyev ilə görüşü ilə bağlı xoş təəssüratlarını danışmışdır. Qurumun rəhbəri Azərbaycanın idman uğurlarını nəzərə alaraq, SİZM-in ali ordeninin Prezident İlham Əliyevə təqdim olunduğunu söyləmiş və İlham Əliyevin bu ordenlə təltif edilən 10-cu dövlət başçısı olduğunu, 11-ci ordenin isə ABŞ Prezidenti Corc Buşa verilməsinin qərara alındığını diqqətə çatdırmışdır.
Sonra qurumun rəhbər vəzifəsinə seçkilər keçirilmiş və Ceonne Qola növbəti beş il müddətinə SİZM-in prezidenti seçilmişdir.
MOİK-in rəisi, polkovnik Natiq Əliyev çıxış edərək, Azərbaycanda son illər idmanın bütün növlərinin sürətlə inkişaf etməsi, Olimpiya İdman komplekslərinin və müxtəlif idman qurğularının tikilib istifadəyə verilməsi barədə məlumat vermişdir. O, hərbçilərin oktyabrın 28-dən noyabrın 3-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək sərbəst və yunan-Roma güləşi üzrə dünya çempionatına hazırlıqla əlaqədar Təşkilat Komitəsinin gördüyü işlərdən danışmışdır.
Çempionatın mükafatları uğrunda 47 ölkənin idmançılarının mübarizə aparacağı gözlənilir. Onlardan artıq 20-si (Şri-Lanka, Çin, Rusiya, Türkiyə, ABŞ, Rumıniya, Finlandiya, Misir, Suriya, CAR, Kanada, Almaniya, İran, Ukrayna, Polşa və s.) yarışda iştirak edəcəkləri barədə Təşkilat Komitəsinə məlumat vermişdir.
Tədbirdə Ermənistan nümayəndəsinin toplantıya dəvət olunmaması və bu ölkənin SİZM-dən çıxarılmasının səbəbləri elan edilmişdir. Buna səbəb beynəlxalq təşkilatın Yunanıstanda keçirilmiş 60-cı Baş məclisində Ermənistanın bu ölkədəki səfirliyinin hərbi attaşesinin özünü SİZM-in üzvü kimi təqdim edərək tədbirdə iştirak etmək istəməsi, ermənilərin hərbçilər arasında keçirilən dünya çempionatlarının heç birində iştirak etməməsi, Ermənistanda beynəlxalq yarışların keçirilməməsi və təşkilata üzvlük haqqınının ödənilməməsi olmuşdur.
Xatırladaq ki, Beynəlxalq Hərbi İdman Təşkilatı Azərbaycanda idmanın hərtərəfli inkişafını nəzərə alaraq, 2008-ci ildə boks üzrə dünya çempionatının da məhz Bakıda keçirilməsini təklif etmişdir.