BEYNƏLXALQ HUMANİTAR TƏŞKİLATLARIN FƏALİYYƏTİNƏ “YAŞIL İŞIQ” YANDIRILMALIDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, müşavirədə “Azərbaycanda 10 illik humanitar fəaliyyət: təsir, qazanılmış təcrübə, gələcək istiqamətlər” mövzusunda beynəlxalq konfransda irəli sürülmüş təklif və tapşırıqların, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulmuş və yuxarıda adı çəkilən təşkilatların fəaliyyətinə əlverişli şərait yaradılmasına dair tədbirlərin icrası ilə əlaqədar vəzifələr müzakirə edilmişdir.
Müşavirəni giriş sözü ilə açan Əli Həsənov beynəlxalq humanitar təşkilatlara minnətdarlığını bildirmiş, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramının əhəmiyyətini vurğulayaraq demişdir ki, həmin sənədə əsasən, Respublika Komissiyası beynəlxalq, yerli və onların təsis etdikləri inkişaf təşkilatları ilə hökumət strukturları arasında əlaqələndirici rolu oynamalı və qarşıya çıxan problemlərin həllinə nail olmalıdır. Bizə ünvanlanan müraciətlərdən görünür ki, son zamanlar beynəlxalq və yerli humanitar təşkilatların təsis etdikləri qeyri-bank kredit qurumları ilə Vergilər Nazirliyi arasında müəyyən anlaşılmazlıq yaranmışdır. Ona görə də nazir və qurumun idarə rəisləri müşavirəmizdə iştirak edirlər.
Müşavirədə ABŞ-ın “Mersi Korps” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vilyam Holbruk, “FINCA-Azerbaijan” qeyri-bank kredit təşkilatının rəhbəri Cef Flauvers, “Norveç Qaçqınlar Şurası” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Berit Olsen, İngiltərənin “OKSFAM” beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Şövkət xanım Əlizadə çıxış etmişlər. Onlar məlumat vermişlər ki, Azərbaycanda qaçqınların, məcburi köçkünlərin və aztəminatlı ailələrin sosial vəziyyətinin yüngülləşdirilməsi, yoxsulluğun azaldılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədi ilə humanitar fəaliyyət göstərirlər. Qeyri-bank kredit təşkilatları əldə olunan gəlirləri yenidən kredit əməliyyatlarına cəlb edirlər. Vilyam Holbrukun sözlərinə görə, son beş ildə Azərbaycan hökuməti ilə ABŞ arasında bağlanmış ikitərəfli müqavilə, yuxarıda adı çəkilən Proqram, müvafiq hökumət strukturları ilə beynəlxalq humanitar təşkilatlar arasında yaranmış qarşılıqlı nümunəvi əməkdaşlıq bu qurumların fəaliyyətinə böyük təkan vermişdir. Lakin son zamanlar “Mersi Korps” və humanitar fəaliyyət göstərən digər qeyri-bank kredit təşkilatları iki problemlə üzləşmişlər. Birincisi, vəsaitlərin sosial sığortaya cəlb olunması, ikincisi, kredit faizləri hesabına əldə edilən əlavə vəsaitdən vergi ödənilməsi tələbidir.
Natiqlər beynəlxalq təcrübəyə əsaslanaraq Azərbaycan hökumətindən onları bu ödənişlərdən azad etməyi xahiş etmişlər.
Baş nazirin müavini məlumat vermişdir ki, adı çəkilən Dövlət Proqramına müvafiq olaraq, təşkilatların xatırlatdığı sosial sığorta rüsumu məsələsi yaxın zamanlarda mövcud qanunvericilikdə əlavələr və dəyişikliklər edilməklə öz həllini tapacaqdır.
Vergilər naziri Fazil Məmmədov bildirmişdir ki, qanunvericilikdə beynəlxalq humanitar təşkilatların təsis etdikləri qeyri-bank kredit təşkilatlarının vergidən azad olunması nəzərdə tutulmamışdır. Bununla belə, beynəlxalq təcrübəni öyrənməklə qanunvericilikdə müvafiq dəyişiklik etmək mümkündür.
Bu sahədə beynəlxalq təcrübəni müəyyənləşdirib təklif vermək üçün Nazirlər Kabinetinin Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqovun rəhbərliyi ilə yerli və beynəlxalq qeyri-bank kredit təşkilatlarının nümayəndələri, Vergilər Nazirliyinin mütəxəssislərindən ibarət işçi qrupu yaradılmışdır. İşçi qrupuna qısa müddətdə mövcud qanunvericiliyə əlavə və dəyişikliklər edilməsi məqsədi ilə müvafiq təkliflər hazırlamaq tapşırılmışdır.