BEYNƏLXALQ İNSTİTUTUN BAKI FİLİALININ TƏQDİMATI OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, avqustun 23-də MDB Parlamentlərarası Assambleyasının iştirakçı dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının təqdimat mərasimi keçirilmişdir.
Bakı filialının direktoru Elman İmaməliyev tədbiri açaraq demişdir ki, hazırda bütün dünyada demokratik seçki keçirilməsi, insan hüquqlarının müdafiəsi istiqamətində səylər göstərilir, müxtəlif tədbirlər görülür. Belə bir institutun və onun Bakı filialının yaradılması da həmin məqsədlərə xidmət edir.
MDB PA Şurasının baş katibi Mixail Krotov çıxışında demişdir ki, belə bir institutun təşkili ideyası 2005-ci ildə Azərbaycan tərəfindən irəli sürülmüşdür. 2006-cı ildən fəaliyyətə başlayan institut Qazaxıstanda, Rusiya Federasiyasında və Belarusda parlament və prezident seçkiləri ilə bağlı monitorinqlər aparmış, seçkilərin şəffaf və demokratik keçirilməsi, proses zamanı baş vermiş nöqsanların aradan qaldırılması istiqamətində tövsiyələr hazırlamışdır. İnstitutun ilk filialı bu ilin martında Bişkekdə açılmış, ikincisi isə Bakıda fəaliyyət göstərəcəkdir.
Milli Məclisin regional məsələlər, MDB PA-nın sosial siyasət və insan hüquqları daimi komissiyalarının sədri Arif Rəhimzadə demişdir ki, institut demokratik seçki keçirilməsində, insan hüquqlarını qorunmasında mühüm rol oynayacaqdır.
İnstitutun Bakı filialı 2007-ci il martın 28-də Milli Məclis ilə MDB Parlamentlərarası Assambleyası arasında imzalanmış sazişə əsasən yaradılmışdır. Sazişi Milli Məclisin sədri Oqtay Əsədov və MDB Parlamentlərarası Assambleyası Şurasının sədri Sergey Mironov imzalamışlar.
İnstitut demokratiyanın və parlamentarizmin səmərəli inkişafı, vətəndaşların seçki hüquqlarının qorunması, informasiya mübadiləsi, eləcə də qabaqcıl dünya ölkələrinin bu sahədəki təcrübəsinin öyrənilməsi prinsiplərinin ölkəmizdə reallaşdırılması sahəsində fəaliyyət göstərəcəkdir.
Mərasimin sonunda institutun Bakı filialının əməkdaşları üçün təlim-məşğələ keçirilmişdir.
######
