BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR ŞƏKİNİN SEÇKİ DAİRƏLƏRİNİN VƏZİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının sədri İlham Qəhrəmanov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, beynəlxalq müşahidəçilər məntəqələrdə işin təşkili, seçici siyahılarının tərtib edilməsi, seçici vəsiqələrinin paylanması, qeydə alınan namizədlərin seçkiqabağı təbliğat kampaniyası üçün yaradılan şərait, komissiya üzvlərinin peşəkarlığı, məntəqələrin texniki vasitələr və əyani vəsaitlərlə təchiz olunması və digər məsələlərlə maraqlanmışlar. Dairə üzrə 15 namizəd qeydə alınmışdır. Son məlumatlara görə, seçici siyahılarına 34 min 980 seçicinin adı daxil edilmişdir. Onlardan 29 min 129 nəfərinə seçici vəsiqələri təqdim olunmuşdur. Seçici siyahılarının dəqiqləşdirilməsi oktyabrın 1-dək başa çatdırılmışdır.
114 saylı Şəki kənd birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Məharət Məmmədovun verdiyi məlumata görə, ATƏT-in Seçki Müşahidə Missiyasının üzvləri dairə seçki komissiyasının üzvləri ilə görüşmüş, həmçinin 38 saylı Aşağı Göynük seçki məntəqəsində olmuşlar. Dairədə 40 seçki məntəqəsi fəaliyyət göstərir, 7 namizəd və 35 min 185 seçici qeydə alınmışdır. İndiyədək seçicilərin 30 min 182 nəfərinə seçici vəsiqələri paylanılmışdır və bu iş davam etdirilir. Seçkiqabağı təşviqat işi aparmaq üçün bütün namizədlərə bərabər şərait yaradılmışdır.
115 saylı Şəki kənd ikinci seçki dairəsi dairə seçki komissiyasının sədri Rəsul Rəsulovdan aldığımız məlumata görə, parlament seçkilərinə hazırlıq işləri Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11may tarixli Sərəncamına uyğun davam etdirilir. Dairə üzrə öz namizədliyini irəli sürmüş 12 iddiaçının hər biri seçkilərdə mübarizə aparmaq hüququ əldə etmişdir. 42 seçki məntəqəsi üzrə 33 min 555 seçici qeydə alınmışdır. Onların təxminən 30 mini artıq seçici vəsiqələri ilə təmin olunmuşdur. Hazırda yerlərdə namizədlərin təbliğat kampaniyası davam edir.