Beynəlxalq Olimpiya Günü münasibətilə Bakıda kütləvi estafet qaçışı təşkil olunub
Bakı, 11 iyun, AZƏRTAC
Beynəlxalq Olimpiya Günü münasibətilə iyunun 11-də Bakıda kütləvi tədbirlərə start verilib.
AZƏRTAC xəbər verir ki, Dənizkənarı Milli Parkda Beynəlxalq Olimpiya Günü münasibətilə kütləvi estafet qaçışı təşkil olunub.
Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə hər il Beynəlxalq Olimpiya Günü münasibətilə ölkəmizdə qaçış gününün keçirildiyini diqqətə çatdırıb. İdmançılarımızın beynəlxalq arenada qazandıqları nailiyyətlərdən danışan Ç.Hüseynzadə ölkəmizdə Olimpiya hərəkatının inkişafda olduğunu vurğulayıb. Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən vitse-prezident iştirakçılara uğurlar arzulayıb.
Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışan Ç.Hüseynzadə ölkəmizin mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini deyib. Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini diqqətə çatdıran vitse-prezident ənənəvi Olimpiya qaçış gününün keçirilməsini ölkəmizin Olimpiya hərəkatını həmişə dəstəkləməsini nümayiş etdirdiyini vurğulayıb.
Sonra Dənizkənarı Milli Parkda 1300 metr məsafəyə qaçışa start verilib. İki mərhələdən ibarət yarışda 20 komanda gücünü sınayıb.
Mükafatçılar Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın imzası ilə fəxri fərman və medallarla təltif olunublar.
Beynəlxalq Olimpiya Günü bütün dünyada qeyd olunur. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunur. Məhz 1894-cü il iyunun 23-də Parisdə bədən tərbiyəsi problemlərinə həsr olunmuş konqresdə 12 ölkənin nümayəndələrinin iştirakı ilə P.Kuberten tarixi məruzəsini oxuyub. Məruzədə o, konqresin iştirakçılarını işləyib hazırladığı Olimpiya Oyunlarının təşkilati əsasları ilə tanış edib. Sonra konqresdə müasir dövrdə ilk olimpiadanın keçirilməsi barədə qərar qəbul olunub. 1896-cı ildə Afinada keçirilən ilk olimpiadada 13 ölkədən 311 atlet Olimpiya proqramının on üç növü üzrə medallar uğrunda mübarizə aparıb. İndi dörd ildən bir planetin ən güclü atletlərinin yarışları keçirilir. Olimpiada yalnız İkinci Dünya müharibəsi illərində keçirilməyib.