Beynəlxalq yarışlarda uğur qazanmış astaralı idmançı Əli Rəhimzadə ilə görüş keçirilib
Astara, 23 iyul, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunun Maşxan kəndindən olan 23 yaşlı Əli Rəhimzadə atası Ceyhun Rəhimov güləşlə məşğul olduğundan hələ uşaqlıqdan bu idman növünə marağı artıb. Ailəsi Bakı şəhərinə köçdükdən sonra təhsilini paytaxtın Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbdə davam etdirən Ə.Rəhimzadə beşinci sinifdə oxuyarkən Daxili İşlər Nazirliyinin tərkibində olan “Dinamo” İdman Cəmiyyətinə yazılaraq polis polkovniki İlham Mustafayevin müəllimliyi ilə sərbəst güləşlə məşqlərini davam etdirir. O, müxtəlif illərdə idmanının bu növündə respublika çempionatlarında birinci yerə layiq görülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Astara Rayon Gənclər və İdman İdarəsində xüsusi karantin rejiminin tələbləri gözlənilməklə gənc güləşçi ilə keçirilən görüşdə məlumat verilib.
Diqqətə çatdırılıb ki, Əli Rəhimzadə 2017-ci ildə Almaniyanın Dortmund şəhərində Avropa çempionatında 60 kiloqram çəki dərəcəsində qızıl, elə həmin il İran İslam Respublikasının Kirmanşah əyalətində keçirilən yeniyetmələr arasında dünya çempionatında 61 kiloqram çəki dərəcəsində bürünc, 12-18 noyabr 2018-ci il tarixində Rumıniyanın Buxarest şəhərində keçirilən dünya çempionatında 65 kiloqram çəki dərəcəsində gümüş, 2020-ci il fevralın 11-də İtaliyanın Roma şəhərində keçirilən böyüklər arasında Avropa çempionatında 65 kiloqram çəki dərəcəsində bürünc medal qazanıb.
Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev gənc idmançını qazandığı uğurlar münasibətilə təbrik edərək ona uğurlar arzulayıb.