Biləsuvarda tullantı sularının təmizlənməsi üçün məntəqə istismara tam hazırdır
Bakı, 27 fevral, AZƏRTAC
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” Biləsuvarda içməli su və kanalizasiya xətti çəkilişində mühüm yeniliklərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, tarixi layihənin reallaşması ilə Biləsuvar şəhəri içməli su ilə 100 faiz və 24 saat ərzində təmin olunub. Paralel olaraq, bu şəhərdə ilk dəfə kanalizasiya şəbəkəsinin inşasına başlanılıb.
Bu məqsədlə nəzərdə tutulan 9,5 km uzunluğunda kanalizasiya kollektoru çəkilib, 76,8 km kanalizasiya şəbəkəsi qurulub. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli Sərəncamına uyğun olaraq Biləsuvar rayonunun iki kəndinə 14,2 kilometr uzunluğunda müxtəlif diametrli borular çəkilib. Layihə çərçivəsində Xırmandalı kəndində 52, Bəydili kəndində isə 25 bulaq inşa edilib.
Öncə sözügedən dövlət layihəsinin tərkib hissəsi olaraq, sonrakı mərhələdə isə Biləsuvar şəhərindən axıdılan tullantı sularının təmizlənməsi üçün məntəqənin tikintisi də başa çatdırılıb.
“Xırmandalı kəndində salınan məntəqənin tikintisi 3 mərhələdən ibarətdir. Dövlət sifarişi ilə layihədən irəli gələn işləri keyfiyyətli və zamanında reallaşdırmağa nail olduq. Biz hazırda tullantı sularının təmizlənməsini həyata keçirən, yüksək müasir texnoloji üstünlüklərə malik məntəqənin tikintisini başa çatdırmışıq. Yaxın gələcəkdə, layihənin ikinci mərhələsində 4 bioloji təmizləmə qurğunun quraşdırılması və inzibati binaların tikintisi nəzərdə tutulub. Bununla da hazırlanacaq xammal 3-cü mərhələdə nəzərdə tutulan üzvü gübrə zavodu üçün toplanacaq. Bəli, ölkəmizdə Prezident cənab İlham Əliyevin həyata keçirdiyi davamlı islahatlar sayəsində ötən müddətdə iqtisadi müstəqilliyin təmin olunması yolunda inamlı addımlar atılıb. Həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmizin sosial və iqtisadi infrastruktur quruculuğunda, əhalinin rifah halının yaxşılaşmasında diqqətəlayiq, misilsiz uğurlara imza atılıb”, - deyə tikinti işlərini həyata keçirən TTİ MMC-nin iş icraçısı Əflan Tağıyev bildirib.