Biləsuvarda Vətən müharibəsi şəhidlərinin yaşadıqları evlərə xatirə lövhələri vurulub
Biləsuvar, 19 noyabr, Bağır Əliyev, AZƏRTAC
Biləsuvar rayonunda Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Xanalıyev Ziyəddin Ariz oğlunun və Əhmədli Elməddin Gülverən oğlunun şəhadətlərinin ildönümü ilə bağlı anım tədbirləri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qəhrəman şəhidlərimizin anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri hər iki şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Mərasimdə Vətən müharibəsi qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılıb.
Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 44 gün müddətində torpaqlarımızı işğaldan, düşmən tapdağından azad etdi. Vətən müharibəsində tarix yazan qəhrəman Ordumuz, əsgər və zabitlərimiz Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdi.
Diqqətə çatdırılıb ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, doğma torpaqlarımızın düşməndən təmizlənməsi uğrunda gedən döyüşlərdə canlarını Vətən uğrunda fəda edərək xalqımıza Qələbə sevincini yaşadan şəhidlərimizin ruhu əbədi olaraq yaddaşlara həkk olundu və hər zaman minnətdarlıqla anılacaq.
Anım tədbirində hər iki şəhidin yaşadığı evə vurulan xatirə lövhələrinin açılışı olub.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi Xanalıyev Ziyəddin Ariz oğlu 16 yanvar 1999-cu il tarixində Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. O, Vətən müharibəsində Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə vuruşub, Daşaltı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid döyüşçü Ziyəddin Xanalıyev Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Vətən müharibəsinin şəhidi Əhmədli Elməddin Gülverən oğlu 28 yanvar 1996-cı ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olub. O, Vətən müharibəsində Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə vuruşub və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Elməddin Əhmədli ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.