Binəqədi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur
Bakı, 24 iyun (AZƏRTAC). Binəqədi rayonunda dövlət qulluqçularının peşə bayramı qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoymuş, dahi şəxsiyyətin xatirəsinə ehtiramlarını bildirmişlər.
YAP Binəqədi rayon təşkilatının binasında davam etdirilən tədbiri açan rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov peşə bayramları münasibətilə dövlət qulluqçularına təbriklərini çatdırmış, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. O, Vətənə xidmət işində Prezident İlham Əliyevin hər bir dövlət qulluqçusuna ideal örnək olduğunu qeyd etmişdir.
Sonra rayon icra hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, icra hakimiyyəti aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Aynur Abbasova, Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsinin sektor müdiri Elşən Məcidov çıxış edərək dövlət qulluğu sahəsində çalışmağın şərəfli, lakin məsuliyyətli olduğunu vurğulamışlar.
Tədbirin sonunda bir qrup dövlət qulluqçusu təltif olunmuşdur.
Dövlət qulluqçularının peşə bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı, rayonun gənclər və idman idarəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə rayondakı gənc dövlət qulluqçularına və bir qrup fəal gəncə “Dövlət qulluqçuları üçün etik davranış qaydaları” mövzusunda təlim təşkil edilmişdir.