CƏMİYYƏT
Binəqədidə 8 ağacın kəsilərək dibinin betonlandığı faktı aşkarlanıb
![Binəqədidə 8 ağacın kəsilərək dibinin betonlandığı faktı aşkarlanıb](/files/2020/2/1200x630/15886643504831631785_1200x630.jpg)
Bakı, 5 may, AZƏRTAC
Ekologiya Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə ağacların kəsilməsi ilə bağlı daxil olan məlumatlar əsasında araşdırma aparılıb.
Xidmətin rəisi Hikmət Əlizadənin AZƏRTAC-a verdiyi məlumata görə Binəqədi rayonunun, 18-ci Dağlıq küçəsi 1 ünvanında “Mahal” MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı müxtəlif diametrli 8 ağacın kəsilərək dibinin betonlandığı və təbiətə 17 min 800 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Binəqədi rayonu, 9-cu mikrorayon, Mirmahmud Kazımovski küçəsində isə müxtəlif diametrli 7 ağacın kəsildiyi və təbiətə 17 min 100 manat məbləğində ziyan dəydiyi məlum olub.
H.Əlizadənin sözlərinə görə, hər iki fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların tapılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi üçün toplanmış sənədlər hüquq mühafizə orqanlarına göndərilib.
Nazirlik rəsmisi bildirib ki, təəssüf ki, əsasən paytaxtda bəzi sahibkarlar və ayrı-ayrı şəxslər tərəfindən ağac kəsintisinə hələ də yol verilir: “Tikinti şirkətləri yaşıllıq sahələrinə həssas münasibət göstərmir, tikinti və abadlaşdırma zamanı yaşıllıqların yerləşdiyi əraziləri nəzərə almırlar. Ona görə də belə insanlara qarşı ictimai qınağa və güclü təbliğat işinin aparılmasına ehtiyac var. Sahibkarlara müraciət edirik ki, yaşıllıq sahələrinin genişləndirilməsinə daha çox ehtiyac olduğu paytaxtda və Abşeron yarımadasında tikinti və abadlıq işləri apararkən yaşıllıqları nəzərə alsınlar, ağac kəsintisinə yol verməsinlər. Biz sahibkarlardan, tikinti şirkətlərindən ağac kəsməyi deyil, əksinə, ağac əkməyi, təbiətə töhfə verməyi gözləyirik”.