BİOMÜXTƏLİFLİK MÖVZUSUNDA SEMİNAR KEÇİRİLMİŞDİR
Ərzaq təhlükəsizliyi, habelə qida məhsullarında təhlükəsizlik hazırda bütün dünyada, o cümlədən ölkəmizdə aktual mövzulardan birinə çevrilmişdir.
AZƏRTAC xəbər verir ki, avqustun 22-də İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə keçirilmiş “Biotəhlükəsizlik günün tələbidir” mövzusunda elmi-praktik seminar da bu məsələyə həsr edilmişdir.
Xidmətin rəisi Xaliq Məmmədov ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinin iqtisadi siyasətin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq demişdir ki, “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı”nda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ölkəmizdə ərzaq təminatı ilə bağlı işlərin daha səmərəli aparılmasına təkan vermişdir. Ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri çərçivəsində qida məhsullarında biotəhlükəsizlik məsələlərinin həlli də çox aktualdır. Bu, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən tədbirlərdə də əsas müzakirə mövzularından biridir.
Dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də ərzaq məhsulları istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların iştirak etdikləri seminarda “Fövqəladə hallarda ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi yolları”, “Biotəhlükəsizlik: Dünya Ticarət Təşkilatı və Avropa İttifaqı ölkələrinin strateji tələbləri və təcrübəsi”, “Genetik modifikasiya olunmuş məhsullar və biotəhlükəsizlik problemləri”, “Beynəlxalq biotəhlükəsizlik sistemi və qlobal tədbirlərin Azərbaycanda tətbiqi məsələləri” və digər mövzularda məruzələr dinlənilmişdir.
######
