Bir milləti məhv etmək üçün əvvəlcə onun dilini məhv etməkdən başlanılır ki, rəsmi Paris bu yolla irəliləyir
Bakı, 14 mart, AZƏRTAC
Bastia inzibati məhkəməsi tərəfindən verilən qərar Makron hakimiyyəti üçün ciddi siyasi çatlar yaradacaq. Hansı ki, bu, həm Fransa Konstitusiyasına, həm Fransa tarixinə qarşı edilmiş riyakarlıqdır.
Bu barədə AZƏRTAC-a açıqlama verən siyasi ekspert Vüsalə Hüseynli bildirib ki, həmin müddəanın qəbulu birbaşa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir: “Müasir italyan dilinə yaxın olan korsika dilindən bu gün 150 minə yaxın ada sakini istifadə edir. Eyni zamanda, adada ümumi qəbul edilən “korsika xalqının varlığı”nın özü də Beşinci Respublika Konstitusiyasının pozulması faktını irəli sürür. Tarixi bağlarda korsika dilinin Fransa tarixində dərin izləri qoyduğunu bir daha ehtiva edir. Fransa tarixinin imperatorlarından olan, “Korsika canavarı” ləqəbi ilə tanınan, Napaleon da ilk təhsilini məhz bu dildə alıb.
Ancaq maraqlı tərəf odur ki, Bastiya məhkəməsi niyə birdən-birə belə bir qərar qəbul etmək həvəsinə düşdü? Təbii ki, rəsmi Parisin əli olmadan 18 bölgəsindən biri olan, adadakı ən yüksək nümayəndə hesab edilən Korsika prefektinin mərkəzi hökumətdən xəbərsiz belə bir hökm verməsi o qədər də inandırıcı görünmür. Digər tərəfdən, qəbul edilmiş qərarın Emmanuel Makron administrasiyasının yerli siyasətçilərlə Korsikaya daha çox muxtariyyət verilməsi barədə danışıqlar apardığı bir vaxtda qəbul edilməsi də xüsusi diqqət çəkir. Çünki Fransa mərkəzi hakimiyyəti qarşısında Korsikaya ən yüksək muxtariyyətin, hətta müstəqilliyin verilməsi ilə bağlı tələblər zaman-zaman qaldırılıb. Hətta keçən ay Fransa Prezidenti böyük muxtariyyət verilməklə adanın status məsələsində güzəştə getməyə hazır olduğunu bəyan edib. Adanın milli qüvvələrinin müstəqillik uğrunda 40 il apardığı mübarizə 2022-ci ilin martında sakitləşib. Bugünkü qərarın verilməsi bir daha ona işarə edir ki, Fransa mərkəzi hakimiyyətinin niyyəti heç də səsləndirilən pafoslu sözlərlə yekunlaşmır”.
Dünyaya insan hüquqlarından “dərs” verən Makron hakimiyyətinin ada əhalisinə qarşı diskriminasiya siyasəti həyata keçirdiyini vurğulayan V.Hüseynli əlavə edib: “Bu addım korsika dilinin silinməsi naminə atılan addımdır. Təbii ki, bir milləti məhv etmək üçün ilk öncə onun dilini məhv etməkdən başlanılır ki, rəsmi Paris bu yolla irəliləyir. Maraqlıdır ki, Avropadan Cənubi Qafqaza əl uzadan rəsmi Paris, ermənilərin hüquqlarının qeydinə qala-qala öz ölkəsinin sərhədləri çərçivəsində baş verənləri görmür və ya görməməzlikdən gəlir. Qısacası, öz vətəndaşlarına qarşı diskriminasiya tətbiq edən ölkə başqa dövlətdə separatçı beş-üç nəfərin hüquqlarını necə müdafiə edə bilər?”.