BİRGƏ SƏYLƏR GÖSTƏRMƏK LAZIMDIR
Xəbər verdiyimiz kimi, Moskvada üçgünlük səfərdə olmuş Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov Rusiyanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirmişdir. Görüşlərdə Rusiya hüquq mühafizə orqanlarının ölkə ərazisində yaşayan azərbaycanlılara qarşı hüquqa zidd əməlləri, eləcə də bu yaxınlarda bir həmvətənimizin həlak olması ilə nəticələnmiş hadisə müzakirə edilmişdir.
Noyabrın 6-da daha bir görüş keçirilmişdir. Moskva Baş Daxili İşlər İdarəsinin/BDİİ/ rəisi general-leytenant Vladimir Proninin və 60-dək yüksək vəzifəli milis işçisinin - paytaxtın inzibati dairələrinin daxili işlər idarələri rəhbərlərinin, dairələrin ictimai təhlükəsizlik şöbələri rəislərinin iştirak etdikləri görüşdə həm çoxsaylı həmvətənlərimizin hüquq mühafizə orqanları ilə qarşılıqlı münasibətləri barədə, həm də ölkələrimizin bu sahədə qarşılıqlı fəaliyyəti haqqında ətraflı söhbət getmişdir.
Azərbaycanın Moskvadakı səfiri Ramiz Rizayev çıxışında demişdir ki, diplomatik nümayəndəliyimizin Moskva Baş Daxili İşlər İdarəsinin rəhbərliyi ilə ənənəvi yaxşı, işgüzar münasibətləri vardı, vaxtaşırı ortaya çıxan kəskin problemləri birgə səylərlə aradan qaldırmaq mümkün olur. Bu ənənələri davam və inkişaf etdirmək lazımdır. Səfir bildirmişdir ki, Rusiya ərazisində yaşayan Azərbaycan vətəndaşları son vaxtlar milis işçilərindən, xüsusən də həmvətənlərimizlə tez-tez kobud rəftar edən xüsusi təyinatlı milis dəstələrinin üzvlərindən çox şikayət edirlər. Xlebnikovo qəsəbəsindəki meyvə-tərəvəz bazasında baş vermiş son hadisə bunun bilavasitə təsdiqidir. Çox təhlükəli xarakter daşıyan belə hallar ağır nəticələrə gətirib çıxara bilər.
Ramiz Rizayev vurğulamışdır ki, Azərbaycanda yaşayan rusların bu baxımdan problemləri yoxdur, onlar yeni Azərbaycan quruculuğunda fəal iştirak edir və bütün yüksək hakimiyyət orqanlarında təmsil olunmuşlar. Diplomat onu da bildirmişdir ki, Rusiyanın daxili işlər naziri Boris Qrızlovla əldə olunmuş razılaşmaya əsasən, Azərbaycan diasporunun nümayəndələri ilə qarşılıqlı münasibətlərdə ortaya çıxan kəskin problemlərə tez münasibət göstərilməsi üçün Rusiya DİN bundan sonra öz tədbirlərini Ümumrusiya Azərbaycan Konqresi ilə əlaqələndirəcəkdir.
Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov Moskvada yaşayan azərbaycanlıların problemlərindən danışaraq vurğulamışdır ki, Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyi, ölkələrimiz arasında siyasi və iqtisadi yaxınlaşmanın müşahidə olunduğu bir vaxtda Xlebnikovoda baş verən hadisə dövlətlərimizin siyasətinə ziddir. Rusiya Prezidenti Vladimir Putinə həmin hadisə barədə məlumat verilmişdir. Baş nazirin birinci müavini bildirmişdir ki, Azərbaycan Prezidenti Heydər Əliyev Rusiya paytaxtında yaşayan azərbaycanlılara qarşı yaranmış vəziyyətdən çox narahatdır, bu məsələnin araşdırılmasını və kömək göstərilməsini xahiş etmişdir.
A.Abbasov xatırlatmışdır ki, Rusiyadakı Azərbaycan diasporu iki milyon nəfərdən artıqdır. Sirr deyil ki, Moskvanın hüquq mühafizə orqanları bəzən ümumbəşəri prinsiplərə əməl etmirlər, həmvətənlərimiz cürbəcür zorakılığa, hədə-qorxuya məruz qalır, təhqir olunur və döyülürlər. Baş nazirin birinci müavini hüquq pozuntularının və mənfi halların qarşısını birgə səylərlə almağı təklif etmiş və bildirmişdir ki, RF xarici işlər naziri İqor İvanovla və Rusiya hökuməti sədrinin müavini Viktor Xristenko ilə görüşlərdə Rusiyadakı Azərbaycan vətəndaşlarının və Azərbaycandakı Rusiya vətəndaşlarının statusu haqqında ikitərəfli əsasda saziş imzalanmasının zəruriliyi məsələsi müzakirə olunmuşdur. A.Abbasov bu məsələnin tezliklə müsbət həll ediləcəyinə və sazişin imzalanacağına ümidvar olduğunu söyləmişdir.
Moskva Baş Daxili İşlər İdarəsinin rəisi Vladimir Pronin çıxışlarına görə Azərbaycan nümayəndələrinə təşəkkür edərək demişdir ki, Moskva çoxmillətli şəhərdir, burada miqrasiya prosesləri gedir və bu prosesləri yeni qanunvericilik aktları əsasında tənzimləmək lazımdır. Moskva BDİİ əməkdaşlığın əsaslarını müəyyənləşdirmək üçün MDB-nin və uzaq xarici ölkələrin səfirləri, Birlik dövlətlərinin daxili işlər nazirliklərinin nümayəndələri ilə görüş keçirmək niyyətindədir. V.Pronin birgə tədbirlər hazırlanmasına Azərbaycanın Rusiyadakı səfirliyi və Azərbaycan diasporu tərəfindən yardım göstərilməsini də xahiş etmişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva