MƏDƏNİYYƏT
BİRİNCİ AZƏRBAYCAN BEYNƏLXALQ TURİZM SƏRGİSİ ÖZ İŞİNƏ BAŞLADI
Mayın 29-da “Avropa” mehmanxanasında birinci Azərbaycan beynəlxalq turizm sərgisinin açılışı olmuşdur. Dünya Turizm Təşkilatının (DTT) himayəsi ilə keçirilən sərgi Gənclər, İdman və Turizm Nazirliyi, Britaniyanın İTE Group PLC sərgi şirkəti və onun ölkəmizdəki nümayəndəliyi, habelə respublikamızda Turizm Sənayesinin İnkişafı İttifaqı tərəfindən təşkil olunmuşdur.
Sərgidə dünyanın 10 ölkəsinin 40-dək şirkəti iştirak edir, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin, Türkiyə Turizm Nazirliyinin, Avstriya Milli Turizm İdarəsinin ayrıca stendləri var.
Nazir Əbülfəz Qarayev açılış mərasimindən əvvəl keçirilən mətbuat konfransında bildirdi ki, bu ilk sərgi bir il əvvəl DTT-yə üzv qəbul olunmuş Azərbaycanda turizm sənayesini stimullaşdırmaq işində mühüm hadisədir. O dedi: “Sərginin əhəmiyyətini belə bir fakt da nəzərə çarpdırır ki, Azərbaycan Prezidenti onun iştirakçılarına təbrik məktubu göndərmişdir. Gürcüstan Turizm Departamentinin rəhbəri Vaja Şubladze, DTT baş katibinin köməkçisi Andrey Şlefkov açılış mərasiminə gəlmişlər”.
Ə.Qarayev bildirdi ki, DTT-nin ekspert qrupu ölkəmizdə turizm marketini öyrənmək və turizmin inkişafı haqqında DTT rəhbərliyinə xüsusi məruzə hazırlamaq, bu sahədə layihələrin maliyyələşdirilməsi yollarını araşdırmaq üçün yaxın vaxtlarda Azərbaycana gələcək, sentyabrda isə DTT-nin prezidenti Françesko Francolli ölkəmizə səfər edəcəkdir.
Andrey Şlefkov mətbuat konfransında çıxışında vurğuladı ki, Böyük İpək yolu ölkələri sırasında daha sərfəli coğrafi mövqeyi, əlverişli iqlim şəraiti olan Azərbaycan turizm sənayesinin inkişaf etdiyi ölkəyə çevrilmək imkanına malikdir.
Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Prezidenti Heydər Əliyevin sərgi iştirakçılarına məktubunu, Andrey Şlefkov isə DTT prezidentinin məktubunu oxudular.
Sərgi çərçivəsində “Şimali Kipr Türk Respublikasında turizm”in, Azərbaycan Gənclər, İdman və Turizm Nazirliyinin yaratdığı “Virtual turizm” vahid informasiya sisteminin təqdimatı, habelə “Böyük İpək yolu - Avrasiya mədəniyyətlərinin dialoqu” mövzusunda konfrans keçiriləcəkdir.