Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində sərgi açılmışdır
Bakı, 1 noyabr (AZƏRTAC). Noyabrın 1-də Bakı Biznes Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində sərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək müsabiqənin tarixi əhəmiyyətindən söz açmışdır.
Bildirmişdir ki, belə bir nüfuzlu tədbirin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilməsi heç də təsadüfi deyil. Ona görə ki, istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində Ümummilli Liderin səyi və təşəbbüsü ilə Azərbaycanda onlarla bir-birindən gözəl yeni sənət abidələri inşa edilmişdir. Bu abidələr milli maraqlarımızı, xalqımızın dünyagörüşünü özündə əks etdirir. Müstəqil Azərbaycanda şəhərsalmanın əsasını qoymuş ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkəmizdə memarlıq və şəhərsalmanın inkişafı sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Bu gün də memarlıq Prezident İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil etməkdədir.
Nazir bildirmişdir ki, sərgiyə 40 ölkədən 250 layihə təqdim olunmuşdur. Bu sırada Azərbaycan memarlarının da işləri üstünlük təşkil edir.
Sonra tədbir iştirakçıları birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində açılmış sərgi ilə yaxından tanış olmuşlar.
Sərgidə Beynəlxalq münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar İttifaqının baş katibi Mişel Barmakin, münsiflər heyətinin üzvləri - Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri Tomas Vonier və Hayder Ali iştirak etmişlər.
Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi noyabrın 5-dək davam edəcəkdir.