Birinci Qarabağ müharibəsinin itkin şəhidi Vaqif Məhərrəmov Neftçalada torpağa tapşırılıb VİDEO
Neftçala, 21 avqust, AZƏRTAC
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Məhərrəmov Vaqif Mənsim oğlu Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb. Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra itkin şəhid hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə torpağa tapşırılıb.
Qeyd edək ki, Vaqif Məhərrəmov 1971-ci ildə Neftçala şəhərində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb. 1992-ci ildə Ağdərə rayonunun Çıldıran kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb. Vaqif Məhərrəmov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan şəhidlərdən biridir.
Müxbir - Aydın Yavərzadə