Birinci rübdə Mərkəzi Bank müxtəlif müddətli 12 not hərracı keçirib
Bakı, 17 may, AZƏRTAC
Bu ilin birinci rübündə Mərkəzi Bankın notlarının yerləşdirilməsi üzrə hərraclarda ümumilikdə tələbin təklifi üstələməsi müşahidə olunub.
AZƏRTAC 2023-cü ilin yanvar-mart ayları üzrə Pul Siyasəti icmalına istinadla xəbər verir ki, Mərkəzi Bank dövr ərzində müxtəlif müddətli 12 not hərracı keçirib. Mart ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı 885 milyon manat təşkil edib. Dövr ərzində notların hərraclarda formalaşan gəlirliyi artıma meyilli olub. Son hərraclarda formalaşan gəlirlik 28 günlük notlar üzrə 6,71 faiz, 84 günlük notlar üzrə 7,95 faiz, 168 günlük notlar üzrə 8,57 faiz, 252 günlük notlar üzrə isə 9,29 faiz olub. Mərkəzi Bankın notları üzrə gəlirlik digər maliyyə alətlərinin faizlərinə təsir göstərməklə gəlirlik əyrisinin formalaşması baxımından mühüm rol oynayır.
Həmçinin 2023-cü ilin ilk rübü ərzində sterilizasiya məqsədli 240 milyon manat həcmində 7 günlük 2 REPO hərracı keçirilib. Sonuncu REPO hərracında orta gəlirlik 7,38 faiz səviyyəsində formalaşıb. Ölkədə inflyasiya təzyiqlərinin davam etməsi şəraitində pul təklifinin izafi artımını məhdudlaşdırmaq, yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq, habelə de-dollarlaşma meyillərini stimullaşdırmaq kimi çağırışlar məcburi ehtiyat normalarının səviyyəsinə və diferensiallaşma səviyyəsinə yenidən baxmağı şərtləndirib. Qeyd olunanları, eləcə də likvidliyin banklar üzrə təmərküzləşdiyini və bunun iri banklarda hüquqi şəxslərdən cəlb edilmiş öhdəliklər üzrə yüksək konsentrasiyadan irəli gəldiyini nəzərə alaraq İdarə Heyətinin qərarı ilə məcburi ehtiyat normaları yeni diferensiasiya tətbiq edilməklə artırılıb. Belə ki, məcburi ehtiyat normaları: milli valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 5 faiz; xarici valyutada cəlb edilmiş fiziki şəxslərin və fərdi sahibkarların depozitləri üzrə 6 faiz; milli valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 1 milyard manatadək olan hissəsi üzrə 5 faiz, milli valyutada hüquqi şəxslərin depozitlərinin 1 milyard manatı üstələyən hissəsi üzrə 10 faiz; xarici valyutada hüquqi şəxslərin depozitlərinin ümumi məbləği 750 milyon manat ekvivalentinədək olan hissəsi üzrə 6 faiz, xarici valyutada hüquqi şəxslərin depozitlərinin 750 milyon manat ekvivalentini üstələyən hissəsi üzrə 12 faiz; qiymətli metallarda cəlb edilmiş depozitlər üzrə 5 faiz müəyyən edilib. 2023-cü ilin fevralından banklar məcburi ehtiyatları yeni normalara uyğun saxlamağa başlayıblar. Hesabat dövründə məcburi ehtiyat normalarının ortalama rejimində tətbiqinin davam etdirilməsi banklar tərəfindən likvidliyin çevik idarə edilməsinə müsbət təsir göstərən amillərdən olub.