İDMAN
Birinci yeri tutan gimnast: Azarkeşlərin dəstəyi yaxşı çıxış etməyimdə mənə kömək oldu
Bakı, 3 oktyabr, AZƏRTAC
"Çıxışım zamanı azarkeşlərin dəstəyini hiss edirdim. Bu, daha yaxşı nəticə göstərməyimdə mənə kömək oldu".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakıda “Ocaq Sport” klubunun təşkilatçılığı ilə keçirilən bədii gimnastika üzrə 3-cü beynəlxalq “Ocaq kuboku”nda qalib olan Əsmər Bağırova deyib.
"Ocaq Sport" klubunun üzvü olan 7 yaşlı gimnast əldə etdiyi nailiyyətə görə məşqçilərinə təşəkkür edib: "Onlar məni yarışa çox yaxşı hazırlaşdırmışdılar. Hər gün mənimlə işləyirdilər. Ona görə də xalçanın üzərinə çıxanda həyəcan hiss etmədim".
Birinci yeri tutan digər 7 yaşlı gimnast Amina Həsənzadə isə fəxri kürsünün ən yüksək pilləsinə qalxdığı üçün xoşbəxt olduğunu söyləyib: "Sevincimi ilk olaraq anamla bölüşdüm. O, hər zaman uğurlarıma sevinir. Gimnastikaya çox həvəsliyəm. Növbəti yarışlarda da qızıl medal qazanmaq üçün çalışacağam".
Qeyd edək ki, "Ocaq kuboku"nda 10 ölkəni təmsil edən 37 klubdan 400 fərdi gimnast iştirak edir. Bu gün start götürən yarışa oktyabrın 6-da yekun vurulacaq.