BİRLƏŞMİŞ ŞTATLARDA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ MARAQ BÖYÜKDÜR
Nazir müavini Dövlət Departamentinin təhsil və mədəniyyət məsələləri bürosunun dəvəti ilə Birləşmiş Ştatlarda səfərdədir. İki həftə çəkəcək səfər ərzində o, Vaşinqton, Filadelfiya, Çikaqo və digər şəhərlərdə olacaq, ABŞ-da mədəniyyət sahəsinin federal və ştat səviyyəsində idarə edilməsi ilə maraqlanacaqdır. Keçiriləcək görüşlərdə demokratik sistem və bazar iqtisadiyyatı şəraitində mədəniyyətin inkşafı, tarixi abidələrin qorunub saxlanılması, ali təhsil ocaqlarının incəsənət təhsilində rolu məsələləri müzakirə olunacaqdır.
Sevda Məmmədəliyevanın sözlərinə görə, amerikalı həmkarları müzakirələrdən Azərbaycanı daha da yaxından tanımaq üçün istifadə edirlər. Nazir müavininin özü ilə gətirdiyi materiallarla tanışlıqdan sonra ABŞ təmsilçiləri ölkəmizin müasir incəsənət və mədəniyyətinin digər aparıcı mədəniyyətlərdən geri qalmadığını etiraf edir və ABŞ-da sərgilər, müxtəlif layihələr keçirməyə böyük maraq göstərirlər. Bu layihələrin həyata keçirilməsi üçün Amerika hökuməti tərəfindən müvafiq qrantların ayrılması məsələsi də müzakirə olunmuşdur.
Görüşlərdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş torpaqlarımızda itirilən dəyərli incəsənət nümunələrimiz haqqında da məlumat verilmişdir. Sevda xanım deyir ki, biz ABŞ-la yaratdığımız yeni əlaqələrdən fəal istifadə edərək, dünya ictimayyətinə mədəni irsimizi tanıtmaqda və Azərbaycan həqiqətlərini çatdırmaqda davam edəcəyik.