Birol Akgün: Türk mətbəxi mədəni diplomatiyanın vacib alətidir
Bakı, 22 may, AZƏRTAC
Türkiyənin Azərbaycandakı səfirliyi və Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə Bakıda Türk Mətbəxi Həftəsi çərçivəsində tədbir keçirilib.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün AZƏRTAC-a verdiyi müsahibədə bildirib ki, bu təşəbbüsün məqsədi Türkiyənin zəngin kulinariya irsini təbliğ etmək və beynəlxalq ictimaiyyəti ölkənin ənənəvi dadları ilə tanış etməkdir.
“Mətbəx, yeməklər və qastronomiya vasitəsilə dünyaya tariximiz, mədəniyyətimiz və dad ənənələrimiz haqqında məlumat veririk. Bu, müasir diplomatiyanın elementlərindən biridir”, - deyə səfir vurğulayıb.
O qeyd edib ki, Bakıda Türk Mətbəxi Həftəsi çərçivəsində diplomatik korpusun nümayəndələri və xarici qonaqlar dəvət olunublar.
“Biz bir daha Türkiyənin zəngin kulinariya tarixini dostlarımızla bölüşmək və onun barəsində xatırlatmaq istədik. Biz bunu millətlər arasında ünsiyyətin vacib vasitəsi kimi görürük”, - deyə B.Akgün bildirib.
Tədbir zamanı qonaqlara ənənəvi türk mətbəxi təamları təqdim edilib.
Qeyd edək ki, Türk Mətbəxi Həftəsi hər il mayın 21-dən 27-dək Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın təşəbbüsü və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dünya miqyasında keçirilir.