MƏDƏNİYYƏT
Bişkekdə “Türk dünyasının qadın kainatı” adlı sərgi açılıb




Bakı, 14 iyun, AZƏRTAC
Qırğızıstanın paytaxtı Bişkekdə Qapar Aytiev adına Milli İncəsənət Muzeyində ilk dəfə türkdilli ölkələrin xanım rəssamlarının “Türk dünyasının qadın kainatı” adlı müştərək rəsm sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə ölkəmizi Azərbaycanı Rəssamlar İttifaqının üzvü, beynəlxalq müsabiqələr laureatı, “Nargiz Art Studio”nun rəhbəri Nərgiz Quliyeva və Nailə Qəndilova təmsil ediblər.
TÜRKSOY və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi Bişkekdə böyük rezonansa səbəb olub. Layihənin kuratoru qismində isə görkəmli rəssam, Özbəkistan İncəsənət Akademiyasının akademiki Kamola Akilova çıxış edib.
Sərginin əsas məqsədi Türk dünyasının incəsənət sahəsində çalışan müasir və mütərəqqi xanım rəssamlarının bərabər yaradıcılığını təqdim etməkdir. Layihə çərçivəsində “Qadın incəsənətdə: tarixi, sosial və mədəni aspektlər” adlı dairəvi masa və yerli incəsənət məktəblərinin tələbələri üçün ustad dərsləri keçirilib.
Tədbirin rəsmi açılışında Qırğızıstanın mədəniyyət naziri Altınbek Maksutov və TÜRKSOY-un Baş direktoru Sultan Raev çıxış edərək qadınların insan sivilizasiyasının inkişafındakı rolu, xüsusilə də mədəniyyət və təsviri sənət sahəsindəki əhəmiyyətini qeyd ediblər.
Eyni zamanda, natiqlər sərgidə iştirak edən türkdilli ölkələrin xanım rəssamlarının əsərlərində türk xalqlarının “genetik yaddaşı” və ümumbəşəri ideallarının təzahür etdiyinə xüsusi önəm verdiklərini bildirdilər.
Tədbirin sonunda rəssam xanımlara TÜRKSOY-un xüsusi medal və diplomları təqdim olunub.