BİTKİ GENOFONDUNUN SAXLANMASI VƏ MÜHAFİZƏSİ İLƏ BAĞLI ELMİ-TƏDQİQAT İŞLƏRİ APARILIR
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat bağında respublikamızda bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə respublikamızda və xarici ölkələrdə bitən bəzək, dərman, efir yağlı və digər faydalı bitkilərin iqlimləşdirilməsi, bitki genofondunun, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitkilərin saxlanması və mühafizəsi ilə bağlı geniş elmi-tədqiqat işləri aparılır.
Akademiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, hazırda bu bağda dünyanın müxtəlif botaniki-coğrafi rayonlarının, o cümlədən Azərbaycanın florasının 2 mindən çox kolleksiyası toplanmışdır. Kolleksiyanın saxlanması və mühafizəsinə xüsusi diqqət yetirilir.