CƏMİYYƏT
BMT: İqlim böhranı ana və uşaq sağlamlığı üçün təhlükədir
![BMT: İqlim böhranı ana və uşaq sağlamlığı üçün təhlükədir](/files/2023/3/1200x630/1700657384196060920_1200x630.jpg)
Bakı, 22 noyabr, AZƏRTAC
Meşə yanğınları, daşqınlar, anomal istilər, quraqlıq və digər təbii fəlakətlər uşaq və hamilə qadınların sağlamlığı üçün ciddi təhlükədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) agentlikləri körpələrin, uşaqların və anaların təbii fəlakətlərdən müdafiə olunmasına istiqamətlənən fəaliyyəti aktivləşdirmək çağırışı ilə çıxış ediblər.
AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Uşaq Fondu (UNICEF) hesab edirlər ki, beynəlxalq ictimaiyyət iqlim hadisələrinin ana və uşaq sağlamlığına təsirinin miqyasını dəyərləndirmir.
COP28 iqlim sammiti ərəfəsində dərc olunmuş fəaliyyətə birgə çağırış yeddi təxirəsalınmaz tədbir təklif edir. Bu sənəd ölkələri xüsusilə istixana qazlarını azaltmağa, iqlim həllərini maliyyələşdirməyə, milli siyasət işlənib hazırlanan zaman hamilələrin, körpələrin və uşaqların maraqlarını nəzərə almağa çağırıb.
Tədqiqatlar göstərir ki, ətraf mühitin şəraiti uşağın sağlamlığına hələ ana bətnində olarkən təsir etməyə başlayır və həm körpə, həm də ana üçün müxtəlif fəsadlara gətirib çıxara bilər.
Bütün dünyada temperaturun qalxması xüsusən də uşaqlar və hamilələr üçün təhlükəli olan infeksiyaların yayılmasına şərait yaradır.
“İqlim dəyişməsi bizim hamımız üçün ekzistensional təhlükədir, lakin körpələr, uşaqlar və hamilə qadınlar ən ciddi fəsadlardan biri ilə qarşılaşırlar”, - deyə ÜST-nin təmsilçisi Bryus Eylvard xəbərdarlıq edib.
UNFPA-nın təmsilçisi Diyen Keyta qadınların və qızların səhiyyə sahəsində unikal tələbatlarını vurğulayaraq, əhalinin bu qrupunun vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb. O deyib: “Qlobal iqlim tədbirləri gender bərabərliyini qurban verməməli, əksinə onu dəstəkləməlidir”.
UNICEF-in nümayəndəsi Ömər Abdi uşaq orqanizminin və psixikasının ətraf mühitin çirklənməsinə, xəstəliklərə və ekstremal hava şəraitinə olan həssaslığına diqqəti çəkib. “Nəhayət uşaqların problemlərinin iqlim dəyişmələri məsələləri üzrə gündəliyə salınmasının vaxtı çatıb”, - deyə Abdi qeyd edib.